• Ölkəmizi faciələrə sürükləmək cəhdlərindən qorumaq hər kəsin vətəndaşlıq borcudur

Cari ilin iyul ayı öz qaynarlığı ilə bizləri üzməkdədir. Təkcə son 120 il ərzindəki ən isti havasıyla deyil, həm də cəmiyyətimizi silkələyən, əsəblərimizi tarıma çəkən, rahatlığımızı əlimizdən alan hadisələrlə.

İyulun 2-dən 3-nə kecən gecə və sonrakı gündə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) generatorların ikisində yaranmış fövqaladə halla bağlı bütün ölkədə iqtisadi itkilərlə bərabər vətəndaşların sağlamlığına ciddi zərərlə müşayiət olunan böyük problemlər yaşandı. Bununla əlaqədar ölkə başçısının keçirdiyi müşavirədən və digər tədbirlərdən, təbii ki, hamınızın xəbəri var. Bu məsələyə qayıdacağam, amma bəri başdan deyim ki, həmin hadisə həm də müasir dünyada enerji ölkəsi kimi tanınan Azərbaycan üçün utanc gətirən bir olay oldu. Hələ bu, bir yana. Ermənistanla müharibə vəziyyətində olan bir ölkədə belə hadisənin baş verməsi hətta ağlımıza belə gətirmək istəmədiyimiz fəsadlara səbəb ola bilərdi. Şükür ki, belə bir şey baş vermədi. Bilmirəm, bəlkə də Allahın bu xalqa yazığı gəldi.

Camaat Mingəçevir şokundan ayılmamış Gəncədə indiyədək görünməmiş hadisə baş verdi: Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum baş verdi, o və cangüdəni ağır güllə yarası aldılar. Sonrdan bəlli oldu ki, silahlı hücum azərbaycan əsilli Rusiya vətəndaşı olan Yunis Səfərov tərəfindən həyata keçirilibmiş. Amma məsələ bununla bitmədi.

İyulun 10-da onlarla insan etiraz əlaməti olaraq Gəncə İH binasının qarşısına toplaşmağa başladı. Qanunsuz aksiyanın qarşısını almaq üçün meydana polis qüvvələri gətirildi və... əsl faciə bu vaxt baş verdi: məlumatlara görə yerli əhali arasında böyük hörmət qazanmış yüksək rütbəli iki polis zabitimiz – Gəncə şəhər Baş Polis İdarəsi rəisinin müavini polis polkovniki İlqar Balakişiyev və Nizami rayon Polis İdarəsi rəisinin müavini polis polkovnik-leytenantı Səməd Abbasov qətlə yetirildilər. Allah şəhidlərimizə rəhmət eləsin! Hüquq-mühafizə orqanlarının apardıqları tədbirlər nəticəsində hadisələrlə bağlı olan şəxslərdən 14 nəfər saxlanmış, 1 nəfər öldürülmüşdür. Çox müdhiş,insanı sarsıdan, ağır hadisədir – üç nəfər qətlə yetirilib, üçü ağır yaralanııb, neçəsi azadlığınıı itirib. Əməlləri fərqli olsa da, bunların hamısı azərbaycanlılardır axı! Heyiflər olsun! Bu, bizim üçün ən dəhşətli, heç vəchlə qəbul edilə bilməyəcək haldır – ölkəmiz daxilində qardaş qanı axıdıldı.  

Qeyd etmək lazım gəlir ki, istər Mingəçevir İES-də, istərsə də Gəncədə baş verənlər heçnədən, necə deyərlər, boş yerdən baş verməmişdir və, min təəssüf ki, hər iki hadisənin kökündə insan əməli dayanır.

Ölkə prezidentindən tutmuş üzüaşağı məmurların, mütəxəssislərin rəylərindən tam aydın oldu ki, birinci olay əlaqədar məmurların korrupsiya əməlləri, illər ərzində ayrılmış vəsaitləri mənimsəyərək stansiyada tələb olunan təmir-yenilənmə işlərini həyata keçirmədikləri ucbatından baş vermişdir. Qəribə yox, adamı dəhşətə gətirən məsələdir ki, o boyda həngaməyə görə Etibar Pirverdiyev yalnız “utanmaqla” canını qurtardı, başqa da kimlərinsə hansısa cəzaya məruz qalması barəsində heç bir xəbər-ətər eşitmədik. Niyə? Bundan sonra bu adamların həmin əməllərini təkrarlamayacaqlarına hansı zəmanət var? Bu, bir tərəfə. Ağır fəsadlara səbəb olmuş, amma bundan qat-qat fəlakətli nəticələrin baş verə biləcəyi Mingəçevir hadisəsinə görə cəzasızlıq amili gələcəkdə dəgər həyati vacib sahələrdə oxşar hadisələrin baş verəcəyinə zəmin yaratmırmı? Hər şeydən başqa, burada axı söhbət milli təhlükəsizlik məsələsindən gedir!

Gəncə hadisələrinin səbəbləri və səbəbkarları haqqında indi əsaslı danışmaq mümkün deyildir, nədən ki, hələ istintaq gedir, araşdırmalar yekunlaşmayıb, müfəssəl nəticələr bəlli deyil. Baxmayaraq ki, bir çoxları, xüsusən də əksər televiziya kanalları birtərəfli, eyni və köhnəvari süjetli materialları yorulmadan, bezmədən təkrarlamaqdadırlar. Artıq mənasız, məntiqsiz, ikrahdoğuran, əvvəlcədən ssenariləşdirildiyi açıq-aydın duyulan və çeynənmiş trafaret şou-kampaniyalar vaxtı deyil, əzizlərim. Bu çox könhəlmiş təbliğat üsulu daha işləmir, hətta, inanın ki, əks-effektlidir, yəni, bu cür, bağışlayın, düşük təqdimat, əksinə, lap bivec tamaşaçının belə mövqeyinin tam dyişməsinə, “yuxarılara” qarşı münasibətin sərtləşməsinə səbəb olur.

İyul ayında Gəncədə baş verən hadisələr, bunlar zamanı insan tələfatına yol verilməsi hamımızı son dərəcə sarsıtdı. Biz hələlik Elmar Vəliyevə silahlı hücumun, polis zabitlərinin qətlə yetirilməsinin əsl səbəblrini bilmirik. Lakin birmənalı olaraq bəyan edirik ki, heç bir ictimai-siyasi narazılıq, məişət problemi zorakı üsullara əl atmağa, ələlxüsus fiziki güc tətbiq etməyə, insanı, həm də asayiş keşikçisini qətlə yetirməyə əsas verə bilməz, bu, yolverilməzdir, cinayətdir, günahdır və biz bunları qətiyyətlə pisləyirik. Heç nə qardaş qanı tökülməsinə rəvac verə bilməz!

Ancaq ədalət naminə məsələnin başqa tərəfindən də danışmalıyıq axı. Bəyəm kimsə məmur özbaşınalıqlarının mövcudluğunu inkar edəcəkmi? Kim bilmir ki, İcra Hakimiyyəti başçılarının əksəriyyətinin qəbuluna düşmək ölkə prezidentinin qəbuluna düşmək qədər çətindir, daha doğrusu, heç mümkün deyildir? Bir çox İH başçılarının, onların müavinlərinin, digər rəhbər vəzifəli məmurların sadə vətəndaşlara yuxarıdan aşağı baxdıqları, insanlarla “ağa-qul” kimi rəftarı, bəzən onları söymələri, təhqir etmələri, evlərini başlarına uçurmaları və sair zorakılıqları kimə məlum deyil? Şəxsən bu sətirlərin müəllifi elə həmin E.Vəliyev barəsində istər onun Yevlaxda, istərsə də Gəncədə işlədiyi dövrlərdə yalnız mənfi rəylər eşidib. Ola bilməzmi ki, baş vermiş hadisə onun bu və ya başqa mənfi hərkətləri ilə bağlı olsun? Bir müddət əvvəl Qubada, İsmyıllıda baş vermiş hadisələr də İH başçılarının özbaşınalıqlarının nəticəsi deyildimi? Bunlara qətiyyətlə son qoyulmalıdır! Niyə İH başçıları ölkə prezidentinin “məmur xalqın qulluqçusudur” mövqeyinə əhəmiyyət vermirlər? 

Televiziya ekranlarında təkrarlanan ikrahdoğurucu kampaniyalar aparmaqdansa, yerli icra orqanlarında əhali ilə sivil münasibətlər saxlamaq, onlara qayğı göstərmək, problemlərinin həllinə köməklik etmək istiqamətində iş qurulmasına nail olunmalıdır. Açığını deyək ki, indi İH başçılarının çoxunun iş prinsipi əcac etibarı ilə bundan ibarətdir ki, rayon mərkəzində müəyyən tikinti-abadlıq işləri gördüürsün və o işlərin kölgəsində öz bildiklərini eləsin, başqa sözlə, fironluqlarını həyata keçirsin.

Gəcədə baş verən hadisənin xarıcdən təşkil edilməsi, nə bilim, onun əcacında dini amilin durması versiyalarını dövriyyəyə buraxırlar. Bunların hansının nə dərəcədə real və ya qurama olduğunu iddia etmək fikrində deyiləm. Amma o məsələ birmənalıdır ki, əgər ölkənin daxilində məmur ozbaşınalığı və zorakılığı, sadə xalqa qarşı ağa-rəiyət münasibəti, qohumbazlıq, tayfabazlıq və klan ənənəsi, rüşvətxorluq və korrupsiya sistemi, fəaliyyətdə olan televiziya kanallarında artıq köhnəlmiş və əks-effektli trafaret qaralama-ifşaetmə kampaniyalarının təşkili praktikasını aradan qaldırılmaqla, görüntü üçün yox, həqiqi şəkildə əmin-amanlıq, insan ləyaqətinə hörmət, hər bir vətəndaşın səsinin eşidilməsi və ən pioritet vəzifə olaraq onun normal dolanışıq imkanının təmin edilməsi, hüququn aliliyi və məhkəmənin sərbəstliyi, mətbuat, söz və sərbəst toplaşma azadlığı və sair bu kimi dyərlərin bərqərar olunması bizi haqqında yuxarıda danışdığımız faciəvi hallardan hifz edə, demokratik, dünyəvi dəyərlərə malik dövlətçiliyin formalaşması və inkişafına vasitəçi ola bilərdi.

Zənnimcə, ən yüksək vəzifəli məmurdan tutmuş sıravi vətəndaşımızadək hər kəsin borcu bacardığı qədər ölkəmizi hər cür faciələrə sürükləmək cəhdlərindən qətiyyətlə qorumaq və dünyəvi Azərbaycan quruculuğu naminə öz töhfəsini verməkdir.

Qədir Nəsirov

 

 

 

16.07.2018 16:18
Bölmə Analitika


Müəllif Qədir Nəsirov


Mənbə Karabakh.Today