• Qarabağ konflikti dondurulub, yoxsa biz donmuşuq...?

Düz iki il əvvəl, 53-cü Münhen təhlükəsizlik konfransı keçiriləndə “Ərimgəldinin yetimləri” adlı yazıda dünya siyasətinin qəlbinin döyündüyü “təhlükəsizlik məclisi”ndə Dağlıq Qarabağdan söz açılmadığını, problemin dünyanın başqa mötəbər siyasi məkanlarında da unudulduğunu qeyd etmişdim. İndi 55-ci Münhen təhlükəsizlik konfransı keçirildi və… heç nə dəyişməyib.
 
Təbii ki, Qarabağ problemi dünyanın təhlükəsizliyini Rusiya qədər təhdid etmir və bu konfransda miqyası daha böyük təhlükələrdən, bir də xüsusi gərginliyin yaşandığı Ukrayna Donbasından, Yaxın Şərqdən, Suriyadan, Venesueladan daha çox danışırlar. Bu mənada Qarabağ məsələsinin Münhen təhlükəsizlik konfransının gündəmində olmaması anlaşılandır.
 
Amma heç vaxt olmayıb axı! Qarabağ gərginliyinin miqyası Donbasdan böyükdür ki, kiçik deyil. Bizdə daha çox insan fəlakətə düçar olub, münaqişənin nəticələri daha dağıdıcıdır. Sadəcə, bizdən fərqli olaraq ölkələr problemlərini mötəbər gündəmlərə daşıya bilirlər.
 
Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyanın Münhen konfransında fəal görünməsi təbii idi, düşmənin baş diplomatı bu tədbirlərdə nazir statusunda ilk dəfə iştirak edirdi. Onun görüşdüyü rəsmilərin siyasi çəkisi böyük olmasa da, azərbaycanlı həmkarının görüşdükləri ilə müqayisədə böyük görünə bilər. Paşinyanın komandası tədricən güclənir, o cümlədən xarici işlər naziri. Jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla konfrans dəhlizində görüşməyin mümkünlüyünü qeyd edən, amma görüşməyən Mnasakanyanın yekəxanalığını hiss edirsinizmi? Üç ay əvvəl o da belə inamlı danışmırdı, Paşinyan da.
 
Paşinyan hökuməti parlament seçkisinədək Qarabağdan daha çox danışırdı, nəinki indi. İndi ən çox “iqtisadi inqilabdan”, ölkənin inkişafından, əhalinin sosial rifahından danışılır. Qarabağa səfərlər, səngərdə görünmək kimi gedişlər keçmiş hakimiyyətin hücumlarından yayınmaq məqsədi güdürdü.
 
İndi az danışmaq o demək deyil ki, ermənilər Qarabağ problemini unudub, yox, qarşı tərəfdən, yəni Azərbaycandan narahat deyillər. Arxayındırlar ki, Azərbaycan Qarabağ münaqişəsini necə dondurubsa elə də davam edir və külək belə əsirsə, heç nə də gözlənmir.
 
Qarabağ problemi illərdir donmuş vəziyyətdədir, lokal atışmalar və üç il əvvəlki aprel döyüşləri istisna olmaqla xalqın, dövlətin bir nömrəli problemi donmuş hesab edilə bilər. Azərbaycan Qarabağı azad etmək üçün qəti addımlar atmalı və torpağımız işğaldan qurtulmalıdır. Tək-tək adamların hərdən çıxardığı səs, siyasi qüvvələrin ötəri bəyanatları eşidilməzdir və yetərli deyil.
 
Dünya binə olandan torpağı işğal edilən xalqlar, dövlətlər ya müharibə aparıb torpağı geri alıblar, ya da işğalla barışıblar.
 
Konstantinopol kimi Bizans paytaxtını türklər 15-ci əsrdə alıb və yunanlar demək olar ki, bununla barışıb.
 
Hitler Almaniyası SSRİ-nin yarısını almışdı. Dövlət siyasi iradə, xalq qətiyyət göstərdi, 20 milyon adam qırıldı, amma ərazilərini, torpaqlarını azad etdilər. Biz isə bu iradəni, qətiyyəti sözdə deyirik, əməldə etmirik.
 
Qarabağ siyasətində, baş verən proseslərdə ciddi bir yenilik yoxdur. Bu günlərdə “Turan” informasiya agentliyinin erməni məmurlardan aldığı müsahibələrdə aydın görünür ki, yeni hakimiyyətin nümayəndələri də torpağımızı sülh yolu ilə, danışıqlarla qaytarmaq fikrindən çox uzaqdır.
 
Aprel döyüşlərinədək Ermənistan ordusu Azərbaycan ordusundan 10 dəfə zəif idi. Apreldən sonra onların bu fərqi aradan götürməyə necə çalışdığını aldıqları silahlardan, gördükləri müdafiə tədbirlərindən bilmək çətin deyil. Elə isə nəyi gözləyirik? Ermənistanın iqtisadi cəhətdən güclənməyini? Paşinyanın beynəlxalq aləmdə nüfuz qazanmasını? Biz işğaldan bir yaşayış məntəqəsini azad etsək, sülh danışıqları tamam başqa şərtlər altında gedəcək və bizim maraqlarımıza uyğun şəkildə olacaq.
 
Sülh danışıqları da sülh tələbi kimi aparılmır. Düşmən qarşısında son sülh şərti qoyulmalıdır: ya silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxar, ya da müharibə. Vaxt qoyub düşmənlə sərt danışmasaq bu işğal hələ davam edəcək.
 
Bir əsrin dörddə biri artıq arxada qaldı. Tarixdən misallar çəkmək olar ki, belə hallarda gələcək nəsillərin işğalla barışmaq təhlükəsi yaranır. Belə davam etdikcə bir millət olaraq natamamlıq kompleksi içində qala, bacarıqsız, torpağı, vətəni müdafiə edə bilməyən bir toplum olduğumuz fikrinə düşə bilərik, üzdə büruzə verməsək belə. Sabah kosmosa uçsaq da, sabah bütün dünya tədbirlərinə ev sahibliyi etsək də, içimizdəki məğlub millət kompleksini çıxara bilməyəcəyik, necə ki çıxara bilmirik. Bir millətin bundan artıq faciəsi ola bilərmi?
 
Nitsşe “Tarixin həyat üçün xeyri və zərəri haqqında” əsərində yazır: “Bəzən millətin tarixində elə utandırıcı, xəcalətli səhifələr olur ki, bugünkü və gələcək vətəndaşlar illər keçsə də o tarixi hər zaman çiynində ağır yük olaraq görəcək və əzab çəkəcəklər”.
 
Səbəbini böyük filosof belə izah edir: “İnsan özünü həm də onunla heyrətləndirir ki, o, unutmağı öyrənə bilmir və əbədi olaraq keçmişə bağlanır, nə qədər sürətlə gələcəyə qaçsa da, bağlandığı zəncir onunla bərabər qaçır”.
 
İndi biz bağlandığımız zəncirimizlə qaçırıq, belə getsə, gələcək nəsillər də bu zəncirlə qaçacaq, amma qurtulmayacaq.
 
Biz Qarabağı azad etmək üçün xalq və dövlət olaraq qətiyyət və siyasi iradə göstərməliyik. Buna gücümüz var! Qarabağ konflikti yox, biz donmuşuq! Donumuz açılanda Qarabağın da azadlıq yolları açılacaq…(moderator)
 
Karabakh Today

19.02.2019 16:03
Bölmə Analitika