• Tehran konfransında Qarabağ  məsələsinə diqqət yetirildi - FOTOLAR

"Qarabağ Azadlıq Təşkilatı"ndan "Karabakh.Today" - ə verilən məlumata görə Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasının paytaxtı Tehranda “Əhli-Beyt sevənlər və təkfirçilik” mövzusunda keçirilən konfransda iştirak ediblər. Nümayəndə heyətində Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, İslam partiyasının sədr əvəzi Hacı İlham Əliyev, Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Hacı Rövşən Əhmədli, Əsgər Analarına Dəstək İctimai Birliyinin sədri Hacı Növrəstə İbrahimova, QAT sədrinin mənəvi dəyərlər üzrə müşaviri Hacı Əfqan MuradovHacı Vasif, Hacı Əlizaman və digərləri təmsil olunurdular. Konfransa dünyanın 94 ölkəsindən 800-ə qədər nümayəndə qatılıb. Konfransa İranın Ali rəhbərinin müşaviri, sabiq xarici işlər naziri Əli Əkbər Vilayəti moderatorluq edib. Azərbaycan təmsilçiləri Akif Nağı və Hacı İlham Əliyev komissiya iclaslarının sədarətində təmsil olunublar. Akif Nağı, Hacı İlham Əliyev, Hacı Rövşən Əhmədli, Hacı Növrəstə İbrahimova və digərləri həm konfrans çərçivəsindəki çıxışlarında, həm də KİV-lərə müsahibələrində islam dünyasının problemləri, Qarabağ münaqişəsi, Əhli-Beytə sevginin və islam həmrəyliyinin əhəmiyyətindən, həmçinin digər məsələlərdən danışıblar. Konfransın əsas qayəsini Əhli-Beytə sevginin bir daha vurğulanması, islam həmrəyliyinin vacibliyinin diqqətə çatdırılması, bu istiqamətdə konkret addımların atılması, islamın parçalanmasına yönəlik cəhdlərin qarşısının birgə səylərlə alınması təşkil edib. İranın Ali rəhbəri Seyid Əli Xameneinin, həm də konfransın rəhbəri Əli Əkbər Vilayətinin çıxışlarında islam dünyasına birlik və vəhdət çağırışları edilib. Konfransın son günündə Məşhəd şəhərində İmam Rzanın ocağına kütləvi ziyarət təşkil edilib. Azərbaycan nümayəndə heyətinin üzvü Hacı İlham Əliyev konfransda çıxış edərkən Qarabağ münaqişəsi ilə bağlı məlumat verib, islam dünyasının Qarabağ məsələsinə diqqət yetirməli olduğunu vurğulayıb. QAT sədri Akif Nağı çıxışında bildirib: “Əhli-Beyt və Əhli-Beyt sevənlər tarixin ən ağır dönəmlərində islamı xilas edib, islam isə dünyanı xilas edəcək. İslam dünyası Əhli-Beytə söykənərək daxili birliyə və həmrəyliyə nail ola bilər. Bu birlik və həmrəylik islam dünyasının bütün problemlərinin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində əsas rol oynamalıdır. İŞİD və digər təhlükəli qruplarla yanaşı erməni faşizmi də insanlıq üçün təhlükə və təhdiddir. Biz konfransın təşkilatçılarına təşəkkür edir və ümid edirik ki, Dağlıq Qarabağ məsələsi bütün bu cür tədbirlərin gündəmində, ön planında olacaqdır”. QAT sədri “İŞİD fəlakəti və erməni faşizmi insanlığa qarşı cinayətdir” adlı məruzəsini konfransa aşağıdakı tezislər əsasında təqdim edib:

                        

1.     Əhli-Beyt sevgisi, bu sevginin və münasibətin qorunub saxlanması, bu müqəddəs dəyərlərin həmişə üstün tutulması, fəaliyyət üçün əsas götürülməsi İslamın inkişafı və güclənməsində həlledici amillərdən biridir. Bu həqiqəti qəbul etməyən müsəlman yox dərəcəsindədir. Sadəcə, bəzi yanaşma fərqləri mövcuddur.

2.     Əhli-Beytə münasibət İslam dünyasının birliyinin və vəhdətinin qorunub saxlanması üçün vacib şərtdir. Burada süni problemlər yaratmaqla İslam dünyasında vəhdəti pozmağa çalışırlar. Bir sıra xarici qüvvələr, özəlliklə xristian və yəhudi mason qrupları bu vəhdəti pozmağa, qarşıdurma yaratmağa çalışırlar.

3.     İslam dünyasının özündə də bəzi qüvvələr xırda və dar maraqları naminə problemlər yaratmağa cəhd edirlər. Onlar ani, ötəri maraqlarına çox şeyi qurban verdiklərini başa düşmürlər. Anlamaq istəmirlər ki, İslam dünyasının bütövlükdə güclü olması hər bir müsəlman ölkəsinin xeyrinədir.

4.     Faktlar aydın şəkildə göstərir ki, İŞİD deyilən fəlakətin islamla heç bir əlaqəsi yoxdur. İslam bütün dinlərə, məzhəblərə, əqidələrə dözümlə yanaşır. İslamda kimisə əqidəsinə, dininə, məzhəbinə görə öldürmək yoxdur. İslam Allahın verdiyi canı kiminsə almasını, əsassız yerə kiminsə öldürülməsini qəbul etmir.

5.     İŞİD islama aidiyyəti olmayan xarici qüvvələr tərəfindən yaradılıb. Bu qüvvələr ondan öz məqsədləri üçün istifadə edirlər. Bu məqsəd iqtisadi və siyasi maraqlara bağlıdır. Enerji mənbələrini ələ keçirmək və yaxud kimlərəsə sərf etməyən siyasi hakimiyyətləri dəyişdirmək istədikdə İŞİD-dən istifadə olunur.

6.     Xristian dünyası islamın güclənməsindən, kəmiyyət və keyfiyyətcə aparıcı qüvvəyə çevrilməsindən çəkinir. SSRİ və sosialist düşərgəsi dağıldıqdan, kommunist (sosialist) ideologiyası iflasa uğradıqdan sonra Qərb (xristian) dünyası öz hökmranlıqları üçün islamı əsas rəqib, düşmən, təhlükə mənbəyi hesab edirlər.  Qərb (xristian, liberal) ideoloqları Qərb (xristian, liberal) dəyərləri ilə islam dəyərlərinin qarşıdurmasını dünyanın əsas ziddiyyəti, sivilizasiyaların toqquşması elan etdilər. Onların başında amerikalı sosioloq və politoloq Samuel Hantinqton (1927-2008-ci illər) dururdu. Onlar Qərb dəyərləri ilə islam arasında barışmaz ziddiyyətlərin mövcud olduğunu və bu mübarizədə dünyanın “xilas edilməsi” üçün Qərb dəyərlərinin qalib gəlməsinin vacibliyini təbliğ edirlər. Qərbin islama qarşı hücumları dünya ağalığı iddiasından irəli gəlir. Bu proseslərdən İsrailin sionist rejimi də yararlanmağa, öz mövqeyini islam ölkələrinin zəifləməsi hesabına gücləndirməyə çalışır.

7.     Qərb islam ölkələrini əzməyə, sındırmağa, taqətsiz hala salıb özünə tabe etdirməyə çalışır. İraq, Misir, Liviya, Suriya, Yəmən nümunələrini göstərmək olar. Qərb Suriyanı sıradan çıxardıqdan sonra Türkiyə, sonra İran, daha sonra digər güclü müsəlman ölkələrini məhv etmək, taqətsiz və özündən asılı vəziyyətə salmaq niyyətindədir.

8.     Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi Qərbin islam dünyasına qarşı məkrli planının tərkib hissəsidir. Ermənistan dövləti də XX əsrin əvvəllərində Qərbin və Rusiyanın birgə planı əsasında tarixi Azərbaycan torpaqlarında yaradılıb. ABŞ həmin dövrdə Ermənistan dövlətini Türkiyə, İran və Azərbaycanın torpaqları hesabına daha geniş ərazilərdə yaratmaq istəyirdi. Hadisələrin gedişi buna imkan vermədi.

9.     Bu gün Ermənistanda faşist ideologiyasının erməni variantı hökm sürür. Sərsəm ideyalar toplusundan ibarət olun bu “nəzəriyyə” sexakronizm adlanır. Onun müəllifi Qaregin Njde (Ter-Arutyunyan) (1886-1955) adlı “ideoloq”dur. Bu “nəzəriyyə”nin əsasını Türkiyə, İran, Azərbaycan,Rusiya, Gürcüstan torpaqlarının hesabına “Böyük Ermənistan” yaratmaq, guya qədimdə ermənilərə məxsus olmuş torpaqları geri qaytarmaqdan ibarətdir. Qaregin Njde türkləri və müsəlmanları bütün ermənilərin düşməni hesab edir. Sexakrona görə, “türklər ermənilərin əsas bioloji düşmənidir”. Türklərin böyük əksəriyyəti müsəlmandır. Buradan aydındır ki, Njde həm də müsəlmanları özlərinin düşməni elan edir. 1918-ci ildə Azərbaycan və Türkiyə ərazisində həyata keçirdiyi qırğınlar zamanı o, deyirdi ki,”adamları müsəlman olduğuna görə öldürərəm”. O, 1934-cü ildən alman faşistləri ilə sıx əməkdaşlıq edib, Hitlerə yazdığı məktubda iddia edirdi ki, guya ermənilər də alman irqindəndirlər, onlara xidmət göstərməyə hazırdırlar. Bu gün Ermənistanda Njdenin heykəli qoyulub, küçələrə, parklara, metrostansiyaya, məktəblərə adı verilib. Ermənistan rəhbərliyi Njdenin sexakronizm ideyalarını davam etdirir.

10. Azərbaycan torpaqlarının işğalı ilə Ermənistan faşist ideologiyasını, sexakronizmi həyata keçirir. İnsanlar yalnız müsəlman, türk olduqlarına görə kütləvi şəkildə qətlə yetirilirdilər. Ermənistan rəhbərliyi, erməni diasporu və kilsəsi açıq şəkildə faşist sexakronizmi rəhbər götürüblər. Bu nəzəriyyə ilə bütün erməniləri ağır xəstəliyə yoluxdurublar. Almanlar, italyanlar, ispanlar faşizmi zamanında ittiham edib, dünyanın sivil xalqlarının sırasına qayıtdılar, ermənilər isə hələ də faşizm ideologiyasının girdabından xilas ola bilmir və istəmirlər.

11. İslam dünyası Əhli-Beyt sevgisindən, islam həmrəyliyi və vəhdəti amillərindən hərtərəfli istifadə edərək öz birliyini qorumalı, kənardan müdaxilələrə imkan verməməli, daxili ixtilaflardan xilas olmalı, istənilən müsəlman ölkəsinə qarşı, o cümlədən Azərbaycana qarşı təcavüz və təhlükələri dəf etmək üçün vahid cəbhədən çıxış etməli, ümumi maraqları birlikdə müdafiə etməlidir. Mürəkkəb, ziddiyyətli, problemlər içərisində boğulan dünyanın nicat yolu islamdadır. İslam öz tarixi missiyasını bütün bəşəriyyət qarşısında uğurla yerinə yetirəcəkdir. Biz bütün dünyaya nümunə olub öz ardımızca aparmağı bacarmalıyıq.

Azərbaycan nümayəndə heyətinin üzvləri konfransın sədarətinə, iştirakçılarına, mətbuat təmsilçilərinə Azərbaycan, fars, ərəb, türk, ingilis, rus dillərində “İslam həmrəyliyi və Qarabağ”, “Xocalı soyqırımı”, “Qarabağ müharibəsi”, “Qarabağ Yaddaş Kitabı”, “Quba məzarlığı-erməni cinayətlərinin qanlı izi” kitablarının, həmçinin Qarabağ münaqişəsinə dair  “Yaddaş” filminin nüsxələrini təqdim ediblər.

Arzu Qocayev

Karabakh.Today

1

1

27.11.2017 17:19
Bölmə Asiya