• Ermənistan rəhbərliyi cəbhədə baş verənləri nə üçün gizlədir?

Real olaraq düşünsək sərhəddə baş verənləri gizlətməkdə xüsusi məqsəd olduğu hiss edilir. Bu prosesin sərhəddəki vəziyyət haqqında gündəlik yox, həftəlik məlumat verilməsi barədə qərarın verilməsindən sonra baş verməsi təsadüfi deyil. Məsələ burasındadır ki, dünən təsadüf nəticəsində “Haykakan Jamanak” qəzetinin əməkdaşı yanvarın 4-də işğal altında olan Qarabağda baş verən hadisəni aşkar etməyə nail olub.

Belə ki, məlum olub ki, yanvarın 4-də Qarabağın şimal-şərq istiqamətindəki qanunsuz erməni birləşmələrindən birinin 2 hərbi qulluqçusu mina partlayışı nəticəsində yaralanıb. Hərbi qulluqçulardan biri hələ də Xankəndindəki hərbi hospitaldadır. Onun sağ ayağı amputasiya edilib, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. 

Digər hərbi qulluqçu isə Ermənistan mərkəzi klinik hospitalına təxliyyə edilib, onun da sol ayağı amputasiya edilib. Ancaq bu hadisə haqqında heç bir rəsmi məlumat verilməyib. İki hərbi qulluqçunun ayaqlarının amputasiya olunması ilə nəticələnən hadisəni yüngül yaralanma halı kimi qəbul etmək mümkün deyil. 

Beləliklə, qəzet əməkdaşı baş vermiş hadisənin izinə düşməsəydi, erməni cəmiyyəti bu barədə heç nə bilməyəcəkdi. Ermənistan müdafiə nazirliyi sərhəddə baş verənləri, o cümlədən ağır yaralanma hallarını nə üçün gizlətməyə qərar verib? Kimi, nə üçün aldadır, kimin gözünə toz üfürmək istəyir? Ümumiyyətlə məqsəd nədir? 

Ermənistan cəmiyyətinin böyük əksəriyyəti indiyədək rəsmi mənbələrə inanıblar. Buna görə də Ermənistan müdafiə nazirliyi aprel döyüşlərində informasiya sahəsində "üstünlüyü" saxlamağa nail oldu. Lakin hazırda Ermənistan MN-nin cəmiyyəti aldatmasından sonra rəsmi mənbələrin ölü, yaralı, hadisə və faktlar barədə edəcəyi açıqlamaların bir qəpiklik dəyəri qalmayıb. Nəticədə, Ermənistan vətəndaşları, xüsusilə jurnalistlər məcbur olacaqlar ki, sərhəddə itkilərin olub-olmadığına dair fərdi araşdırmalar aparsınlar. Məhz, bu araşdırmalar Ermənistan Müdafiə nazirliyinin saxta bəyanatlarını tam çılpaqlığı ilə aşkara çıxaracaq. (ordu.az)

Karabakh Today

09.01.2018 13:30