• Putin seçkilərdə 70 faiz səsə köklənib

Hətta Qərb mediası da hazırda onun alternativinin olmadığını yazır

Rusiya prezidenti Vlarimir Putin gözlənildiyi kimi, sürpriz etməyərək gələn il keçiriləcək seçkilərdə namizədliyini irəli sürəcəyini rəsmən elan etdi. Onun bu qərarına Qərb mediası ən müxtəlif prizmadan yanaşıb, şərhlərə səbəb olub. Məsələn, dünya şöhrətli "The İndependent” qəzeti yazır ki, gərginlik arxada qaldı və Putin namizədliyini rəsmiləşdirdi. "Bir çoxları gözləyirdi ki, qərar dekabrın ortalarında qəbul ediləcək, lakin dövlət başçısı gözləmədi. Bununla da o, seçki kampaniyası aparmaq üçün kifayət qədər vaxt əldə etmiş oldu”, - deyə qəzet yazır. Başqa bir nəşr "The Vaşinqton Post” qəzeti yazır ki, Rusiya MSK-sı formal olaraq seçki kampaniyasına dekabrın ortalarında start verəcək. Məqalədə qeyd edilir ki, artıq indidən demək olar ki, seçkilərin favoriti və qalibi kim olacaq. Nəşrin qənaətincə, Rusiya prezidentinin reytinqi əvvəlki kimi yüksək olaraq qalır. "The Daily Telegraf” isə yazır ki, aylarla çəkən intizar və şayiələrə nəhayət ki, son qoyuldu. "Rusiya prezidenti təkrarən martda keçiriləcək seçkilərdə iştirak edəcək. 65 yaşlı prezidentin namizədliyini irəli sürməsini yerli mətbuat "tarixi hadisə” adlandırıb. Hakim "Vahid Rusiya” üçün isə onun namizədliyini dəstəklədiyini elan etmək üçün cəmi bir neçə dəqiqə kifayət etdi. 18 ildir ki, ölkəni idarə edən Putin ən çox hakimiyyətdə qalan Rusiya lideridir”. Nəşrdə qeyd edilir ki, qısa prezident kampaniyası dövründə elə də ciddi sürprizlər yaşanmayacaq və hər şey Putin üçün komfortlu şəraitdə keçəcək. Almaniyanın "Sueddeutsche Zeitung” qəzeti isə yazır ki, "V.Putin çıxışında bildirib ki, 2018-ci ildən sonra da prezident kimi qalmaq istəyir. Onun qələbə qazanacağı heç kimdə şübhə doğurmur. Seçkilərdən dördüncü müddətə qalib çıxacağını indidən söyləmək tezdir, lakin qələbə şəksizdir. Prezidentin strateqləri seçkilərdən 70 faiz səs gözləyirlər”. "Neue Zuercher Zeitung” qəzeti isə yazır ki, "siyasi mənada bu gün onun alternativi mövcud deyil. Lakin onun özünün yeni ideyaları var”. Qəzet diqqəti ona yönəldir ki, "prezident seçkilərə qatılmaq istəyini qocaman avtomobil zavodu - QAZ-ın veteranları qarşısında edib. Bu da o deməkdir ki, əvvəlki siyasət, yəni köhnə sovet ənənələrinə sadiqlik qalacaq. 65 yaşlı pererburqlu böyük ehtimalla növbəti 6 ili də prezident postunda olacaq. Onun populyarlığını alternativin olmaması ilə əlaqələndirmək olar. Putinsiz Rusiyanı təsəvvür etmək artıq mümkün deyil. Ruslar heç bir halda ötən əsrin 90-cı illərində yaşanan xaos və qanunsuzluq dövrünə qayırmaq istəmirlər. Bu gün ona heç bir müxalifət partiyası və aksiyası qorxulu deyil”.
 
"Bloomberg” isə yazır ki, "bu dəfəki müddət Putinin sonuncu prezidentliyi olacaq. Buna səbəb Konstitusiya məhdudiyyətləridir. O, hakimiyyətinin həm daxili, həm də xarici siyasətinin pik nöqtəsindədir. Böyük ehtimalla böyük səs çoxluğu ilə də qələbə qazanacaq”. Əlavə edilir ki, "keçirilən rəy sorğularının nəticələrinə görə, V.Putin 67 faiz səs toplaya biləcək. Ölkəsində böyük nüfuza malik olsa da, xarici siyasətdə aqressivlik Rusiyanın Qərblə münasibətlərində gərginliyə səbəb olub. Birləşmiş Ştatlarla münasibətlər soyuq müharibə başa çatdıqdan sonrakı müddət ərzində özünün ən gərgin dövrünü yaşayır. Kreml ABŞ-da keçirilən seçkilərə ciddi müdaxilə etməsi səbəbindən sanksiyalarla üzləşə bilər”. "The Nyu York Tayms” qəzeti isə yazır ki, "bu seçkilərdə qalib gəlməklə onun prezidentliyi 24 il olacaq. Baş nazirliyi də daxil o, Stalindən sonra ən uzunmüddətli lideri kimi tarixə düşəcək. Xatırladaq ki, Stalin 29 il ölkəni idarə edib. Bir çoxları əmindir ki, Putin sonuncu prezidentlik müddətindən ölkənin ən əhəmiyyətli xadim kimi tarixə düşmək istəyir”. "Uoll strit Jurnal” də yazır ki, hazırda Rusiyada Putinə hər hansı bir alternativ mövcud deyil. "Daily Express” isə yazır ki, Putin üçün qarşıdan gələn seçkilərdə əsas çətinlik digər namizədlərin səsləri ilə bağlı olacaq. 
 
Beləliklə, Qərb mediası Rusiya prezidentinin növbəti qələbəsində sürpriz gözləmirlər. Onların gəldiyi qənaət budur ki, növbəti prezident elə onun özü olacaq. Əsas məsələ bu seçkilərdən sonra ölkənin daxili və xarici siyasətinin necə olacağıdır. Böyük ehtimalla elə əvvəlki xətt də davam edəcək. Hər halda, ölkə əhalisinin də mövqeyi buna köklənib - sabitlik, və iqtisadiyyatda stresslərin yaşanmaması.
 
Yeri gəlmişkən, Rusiyadakı "Levada-mərkəz” noyabrın axırında 18 yaşdan yuxarı 1600 şəhər və kənd sakini arasında sorğu keçirib. Sual belə qoyulub: prezident seçkiləri ən yaxın bazar günü keçirilsəydi, qatılardınızmı və qatılarkən indiki siyasətçilərdən kimə səs verərdiniz? Respondentlər namizədin soyadını siyahıdan seçməyib, özləri deyiblər. Nəticələr belədir: 1. Baş nazir Dmitri Medvedyev – 1%-ə yaxın, "Yabloko” partiyasının sədri Qriqori Yavlinski – 1%-dən az, Teleaparıcı Kseniya Sobçak – təqribən, 1%, "Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov – 1%-ə yaxın, müdafiə naziri Sergey Şoyqu – 1%, müxalif Aleksey Navalnı – 1%, Rusiya kommunistlərinin lideri Gennadi Züqanov – 3%, Rusiya LDP lideri Vladimir Jirinovski – 4%, prezident Vladimir Putin – 53%. 
Çox böyük ehtimalla mart seçkilərində də elə bu nəticə qeydə alınacaq.
Karabakh Today

08.12.2017 13:34
Bölmə Siyasət