• Kataloniyada keçirilən parlament seçkilərində müstəqillik tərəfdarları qələbə qazanıb

Dekabrın 21-də Kataloniyada keçirilən növbədənkənar parlament seçkilərində səslərin 99 faizi hesablanıb. Nəticələrə əsasən, regionun İspaniyadan müstəqilliyini dəstəkləyən üç partiya 135 yerdən 70-ni əldə edib.

Parlamentdə 34 mandat qazanan “Birlikdə Kataloniya uğrunda” partiyasının namizədləri arasında muxtariyyətin sabiq başçısı Karles Puçdemon ilk yerdə qərarlaşıb. İspaniya onun həbs olunmasına order verdiyi üçün Puçdemon Belçikaya sığınıb. Parlamentdə daha 32 yer “Kataloniyanın sol respublikaçıları” partiyasına qismət olub. Onun lideri - Puçdemonun sabiq müavini Oriol Junkeras regionun müstəqilliyi barədə referendumdan sonra həbs edilib. “Vətəndaş həmrəyliyi namizədliyi” partiyası isə qanunverici orqanda 4 mandata yiyələnib.

İspaniyanın bütövlüyünün tərəfdarları - mərkəzçi Vətəndaş partiyası Kataloniya parlamentində 37 deputatla təmsil olunacaq. Bu, 2015-ci ildə keçirilən seçkilərlə müqayisədə 12 mandat çoxdur.

Xatırladaq ki, regionun müstəqilliyi barədə referendumdan sonra rəsmi Madrid konstitusiyanın 155-ci maddəsini işə salaraq muxtariyyət rəhbərliyini istefaya göndərib və Kataloniyada növbədənkənar parlament seçkiləri təyin edib.(azərtac)

Karabakh Today

22.12.2017 14:47
Bölmə Avropa