• Ölkə xəritədən silinir, vətəndaş müharibəsi başlayır - Prezident DƏHŞƏTLİ SSENARİNİ AÇIQLADI

Rumıniya ilə birləşmənin tərəfdarlarının aktivləşməsi respublikada vətəndaş müharibəsinə gətirib çıxara bilər.

Bu haqda Moldova prezidenti İqor Dodon “NTV Moldova” telekanalına müsahibəsində bildirib.

“İstəyirəm ki, aydın olsun: Rumıniya ilə birləşmə vətəndaş müharibəsidir. Mən bu haqda danışmağa qorxmuram. Biz kiməsə Moldovanın dövlət quruluşunu aradan qaldırmağa icazə verməyəcəyik və bunun üçün bütün qanuni üsullardan istifadə edəcəyik. Əgər siz qanunsuz hərəkət edəcəksinizsə, onda lazımlı cavab alacaqsınız”, - prezident deyib.

Prezident xatırladıb ki, ölkənin müasir tarixində ən mürəkkəb dövrlər millətçiliyin aktivləşməsi və birləşmə ideyalarının ortaya atılmasından sonra qeydə alınıb. Onun sözlərinə görə, bu, 1992-ci ildə Dnestryanı ərazidə silahlı konfliktin yaranmasına gətirib çıxarıb və indiyə qədər həll olunmamış qalır. Dövlət başçısı həmçinin, Qaqauziyadakı gərginliyi xatırladıb.

Moldovada bəzi yaşayış məntəqələri şuraları Rumıniya ilə birləşmək haqqında deklarasiyanı qəbul edib.

Xatırladaq ki, əhalisinin 60 faizdən çoxunu rus və ukraynalıların təşkil etdiyi Dnestryanı ərazi hələ SSRİ-nin süqutuna qədər Moldovanın tərkibindən çıxmışdı. Bildirilir ki, Dnestryanı ərazinin bu qərarı məhz Moldovanın Rumınıyaya birləşməsi ehtimalı ilə bağlı olub. Kişnyov 1992-ci ildə problemi güc yolu ilə həll etməyə çalışsa da, bu cəhd uğursuzluqla nəticələnib. Bundan sonra Dnestryanı ərazi tamamilə Kişnyovun nəzarətindən çıxıb.

Rumınıya ilə birləşmə Moldovanın müstəqillik əldə etdiyi ilk vaxtlardan ölkənin bir sıra siyasi qüvvələri tərəfindən dəstəklənib. Lakin 1991-ci il dekabrın 8-də - SSRİ-nin “dəfn” olunduğu gün prezident seçilən Mirça Snequr Rumıniya ilə təcili birləşməyə cəhd edən Moldova Xalq Cəbhəsini dəstəkləməyib.

Qeyd edək ki, Rumıniyanın sabiq prezidenti Trayan Besesku ölkə parlamentinə Moldova ilə birləşmək haqqında qanun layihəsi təqdim edəcəyini açıqlayıb. O bildirib ki, parlament sessiyasının əvvəlində Rumıniya və Moldovanın birləşməsini nəzərdə tutan, ABŞ Senatının 148 saylı qətnaməsinə əsaslanan qanun layihəsi təqdim edəcək.

Eks-dövlət başçısının sözlərinə görə, Senatın həmin qətnaməsi 1975-ci il Helsinki Yekun Aktının Nizamnaməsinə uyğun olaraq Moldovanın Rumıniya ilə yenidən birləşməsi hüququnun olduğunu nəzərdə tutur. T.Beseskunun fikrincə, birləşmə hər iki ölkənin parlamentlərinin qərarı ilə baş verməlidir.

Lakin bəziləri yaxın perspektivdə Moldovanın Rumıniyaya birləşməsini real saymırlar. Bu qənaətdə olanlar arasında Moldovanın təhlükəsizlik məsələləri üzrə İnstitutunun rəhbəri Valeri Ostalep də var.

"Fəaliyyət və Həmrəylik” partiyasının lideri Mayya Sandu əvvəldən bəyan edirdi ki, Rumıniya ilə birləşməyin tərəfdarıdır, lakin son vaxtlar partiyasının seçki platformasından bu şüarı çıxarıb. Moldovalı siyasətçi bu qənaətə gəlib ki, birləşmə tərəfdarı olan unionistlərin sayı azdır. Lakin sağ partiyalar bu rəqəmin 20 faiz olduğu qənaətindədirlər.

V.Ostalep hesab edir ki, birləşmə məsələsi ortaya çıxsa, xalq buna qarşı etiraz edəcək.(publika)

Karabakh Today

02.02.2018 20:54
Bölmə Siyasət