• Ermənilər Navahı camaatını necə qırmış, evləri yandırmışdı... - "Tarxin səhifələri" silsiləsindən

XX əsrin əvvəllərində paytaxt Bakıda və hay (erməni) yaşayış məntəqələri yerləşən ərazilərdə onların milli və daşnak-bolşevik qurumlarının Azərbaycan əlehinə çoxşaxəli siyasi-hərbi fəaliyyətlərinin nəticəsində 1905-1907-ci və 1918-1920-ci illərdə yerli azərbaycanlılara qarşı törədilən soyqırımda bolşevik inqilabçı Stepan Şaumyan fəal iştirak edib.

Əvvəllər onun quldurluğu gizli şəkildə olsa da, 1918-ci il 25 apreldə Bakı Xalq Komissarları Soveti yaradıldıqdan və avantürist birliyə başçılıq etdikdən sonra o çəkinmədən, açıq-aşkar şəkildə milli xislətinə uyğun hərəkətlərinə geniş rəvac verib (müsəlman-azərbaycanlılara qarşı qanlı qırğınları törətməklə) və bu vəhşiliyini bütöv Azərbaycan hüdudlarına yaymağı qərara alıb. Onun bu istəyi imperialist Rusiyasının ictimai-siyasi və strateji maraqlarına uyğun olduğundan o, avantürist V.Lenin tərəfindən də siyasi və hərbi dəstək alıb. Odur ki, bu məqsədlərə (yerli təbii sərvətləri Rusiya ilə birlikdə mənimsəmək, azərbaycanlıları bir xalq olaraq məhv etmək, onların yerində hayları məskunlaşdırmaq, “Böyük Ermənistan” xəyallarını kerçəkləşdirmək) çatmaq məqsədi güdüb. Şaumyan Bakı quberniyasını təhlükəsiz idarə etmək planının icrası baxımından 1918-ci ilin 1-ci və 2-ci rübləri ərzində Bakı quberniyasından 4 istiqamətə (Quba, Şamaxı, Göycay və Cavad qəzaları istiqamətində) Rusiyadan aldığı silah-sursat cəbbəxanası ilə mükəmməl təchiz edib, 1-ci dünya müharibəsindən qayıdan peşəkar daşnak-bolşevik hərbiçi ermənilərdən ibarət cəza dəstələri yaradaraq, dinc, silahsiz və heç bir şeydən xəbəri olmayan azərbaycanlıların üstünə göndərib. Ən faciəvisi odur ki, həmin qırğınlarda sadə, binəva müsəlmanlar-yerli sakinlər yenə də quldur S.Şaumyandan imdad diləyiblər...

1918-ci ilin may-iyun aylarında Şamaxı qəzasının Navahı kəndinin (indiki Hacıqabul rayonunun) cənubundan keçən Bakı-Tiflis dəmir yolunda hərbi eşelon dayanır. Bu kənd qəzanın böyük yaşayış məntəqəsi (o vaxtı 2000 ev olub), ticarət mərkəzi, karvansarayı, dəyirmanı, məktəbi, məscidi olub, həm də karvan yolunun üstündə yerləşib. Erməni dəstələri kəndə daxil olur, camaatı sakitləşdirir, onlarla həmrəyliyə çağırırlar və kəndin gözəgəlimli mülkündə - Balabəy Yüzbaşovun (1820-1902) evində yerləşirlər. Aradan bir az kecəndən sonra camaat görür ki, ermənilər mal-heyvan, qoyun-quzu sürülərini çoban qarığıq aparır, amma çoban geri qayıtmır. Onlar soyğunçülüqla yanaşı dinc sakinlərə qarşı zorakılıq, vəhşilik də edirlər. Kənd ağsaqqallarından Seyid Ağahüseyn Mirtağı oğlu, Mirtağı Mirbaba oğlu, Mirkazım Mirbaba oğlu Bakıya, S.Şaumyanın yanına gedirlər ki, bu quldurların özbaşınalıqlarının, qanlı hərəkətlərinin qarşısı alınsın. Şaumyan onları qəbul edir, ərzlərini dinləyir və onlara bir məktub verir ki, bunu aparıb dəstənin başçısına versinlər. Ağsaqqal seyidlər kəndə qayıdır və məkubu quldurların başçısına verirlər. Məktubu alandan sonra qaniçən quldurlar kənd camaatını bir yerə toplayırlar, onlara vacib xəbər verəcəklərini bildirirlər... və kənddə 1500 evi qarət edir, yandırır, həmin qırğında 955 nəfər dinc sakini (555 kişi, 260 qadın) qətlə yetirirlər. Ermənilər əsasən kəndin cavan kişilərini hədəfə alıblar. Dinc əhali xilas olmaq üçün yaxınlığdakı Qubalı Baloğlan kəndinə sığınıblar.

Bu qırğına yalnız iyul ayında Qafqaz İslam Ordusunun döyüşçüləri kəndə daxil olduqdan sonra son qoyulub.

(Yazı Navahı kənd sakini Kərbəlayi Əlisahib Kərbəlayi Mirzəxan oğlu Muxtarovun söhbəti əsasında hazırlanıb).

Karabakh Today

25.12.2017 11:13
Bölmə Tarix