• Afrindən sonra Tel Rıfat və İdlib

Menbicin taleyi isə Vaşinqtonla anlaşmadan asılı olacaq

Afrin PKK-YPG silahlılarından təmizləndi, indi əsas sual bundan sonra nə olacağı ilə bağlıdır. Söhbət həm Afrinin gələcək taleyi və Türkiyənin bu əməliyyatı davam etdirib-etdirməyəcəyindən gedir.

Suriyada 3 əsas kürd vilayətindən biri hesab olunan Afrin Türkiyə və müttəfiq ASO silahlılarının nəzarətinə keçib. Ancaq şəhər mərkəzi ələ keçirilən zaman baş verən qarət və dağıntılar Qərb mediasında ciddi reaksiya doğurub. Xarici media orqanlarında daha çox Afrində dağıdılan tarixi abidələr, o cümlədən şəhər mərkəzində kürdlərin mifik qəhrəmanı Kavenin heykəlinin aşırılması və ASO silahlılarının yerli əhalinin qoyub qaçdığı avtomobil, məişət əşyaları və ev heyvanlarını qarət edib aparması kadrları əks olunub. Vəziyyət o həddə çatıb ki, Türkiyə Silahlı Qüvvələri komandanlığı qarətlə məşğul olanların həbs edilməsi barədə göstəriş verib. Son məlumata görə, 130-dan çox silahlı həbs olunub.

Bundan başqa, Afrində qarətlər səbəbi ilə daha əvvəl ABŞ ordusu tərəfindən dəstəklənən “Həmzə Briqadası” adlı qruplaşma ilə əsas Deyr əz-Zor bölgəsindən olan “Əhrar əş-Şərqiyə” (Şərqin Azadlığı) qruplaşması arasında toqquşma baş verib. Mərkəzi ofisi Londonda yerləşən müxaliflərə yaxın Suriya İnsan Haqları Müşahidə Evi Təşkilatının məlumatına görə, baş verən atışmada 7 nəfər öldürülüb. Onlardan biri silahlıların liderlərindən olub. Atışma “Əhrar əş-Şam” qruplaşmasının “Həmzə Briqadası”nı Qərbdən təlimat alaraq qarətlər törətməkdə ittiham etməsi ilə başlayıb. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın isə Afrindəki qarət xəbərlərinin araşdırılacağını bildirib.

Martın 26-da səhər saatlarında isə Afrinin mərkəzində partlayış baş verib. Afrin ələ keçirildikdən sonra bu şəhərdə bir neçə partlayış baş verib. Bunlar əsasən minalanmış ərazilərin partlaması kimi qeydə alınır. Ancaq kürdlər bu hadisələri partizan hərəkatı kimi qələmə verməyə, Afrin uğurunda savaşmağa davam edəcəkləri mesajını verirlər. Suriya kürdlərinin siyasi təşkilatı PYD-nin sabiq həmsədri Saleh Müslim “Frans Press” agentliyinə verdiyi müsahibədə Afrində savaşın davam edəcəyini deyib. Sitat: “Savaş hələ davam edir, ancaq forması dəyişdi. Cəbhə müharibəsi yerinə, partizan müharibəsinə yönələcəklər. Bacaracaqlarına inanıram”.

Tel Rıfat ile ilgili görsel sonucu

Saleh Müslim eyni zamanda Rusiyanı da ittiham edərək Moskvanın onları yanıltdığını deyib. Müslim deyib ki, Suriyada savaşa qatılan rusların bəzi öhdəlikləri vardı. Bunlardan biri də Suriyanın ərazi bütövlüyünü qorumaq olub. Ancaq onun fikrincə, ruslar onları müdafiə etməyiblər.

Bütün bunlar Afrin məsələsinə görə Türkiyə üzərində təzyiqlərin davam edəcəyini göstərir. Ancaq Ankaranın da geri dönmək istəmədiyi, əksinə, əldə etdiklərini qoruyub saxlamaq üçün daha da irəli getməyə çalışacağını göstərir. Lakin  Afrində də hər şeyin yerində olmadığı, ilk növbədə kürdlərin özü qədər ASO silahlılarının da ciddi problemə çevrildiyini, bu səbəbdən görüləcək çoxlu sayda işlərin olduğunu göstərir.

Ankara isə Afrindən sonra 3 növbəti istiqaməti elan edib. Bunlar Afrindən cənubda yerləşən Tel Rıfat şəhəri, İdlib vilayəti və Menbicdir. Qeyd edək ki, Tel Rıfat Afrindən bir neçə kilometr cənubda Hələbə doğru istiqamətdə yerləşir. Afrini tərk edən əhalinin və silahlıların böyük qismi məhz burada yerləşib. Artıq Türkiyə prezidenti də Tel Rıfatı növbəti əməliyyat ünvanı kimi göstərib. Tel Rıfat həm də Afrin əməliyyatının davamıdır, yəni Tel Rıfat alınmasa, Afrinin tamamilə azad edildiyini söyləmək mümkün deyil. Bu səbəbdən də mütəxəssislər böyük ehtimalla növbəti ünvanın Tel Rıfat olduğunu qeyd edir. Digər tərəfdən, Afrinin mərkəzini tərk edən silahlıların böyük hissəsi Tel Rıfatda toplanıb, yəni əgər əməliyyat dayanarsa, bu qüvvələrin yenidən Afrin üçün təhlükə törətməsi mümkündür. Əgər Tel Rıfat alınarsa, o zaman bölgədə kürd qüvvələri demək olar ki, qalmayacaq və Türkiyə ordusu Suriya ordusu və hökumət qüvvələri ilə qarşı-qarşıya qalacaq. Yəni Tel Rıfatın alınması Afrin əməliyyatının tamamilə başa çatması anlamına gəlir.

Tel Rıfat Afrinden sonra ile ilgili görsel sonucu

Ondan sonra isə Türkiyənin qarşısında iki istiqamət dayanır. Bunlardan biri İdlib vilayəti, ikincisi isə Menbicdir. Maraqlıdır ki, ötən gün yerli NTV kanalına müsahibə verən Türkiyə baş nazirinin müavini Fikri Işık bildirib ki, əgər ABŞ hökuməti verdiyi sözə sadiq olarsa, Menbic əməliyyatına ehtiyac olmaya bilər. Cənab Işık geniş izahat verməsə də, söhbətin bir neçə gün əvvəl müzakirə olunan ABŞ-la razılaşmadan getdiyi məlumdur. Ancaq Menbiclə bağlı Ankara və Vaşinqton arasında anlaşmanın olması ilə bağlı Türkiyə rəsmilərinin açıqlamaları daha sonra Vaşinqton tərəfindən təkzib olunub. Lakin o da bəllidir ki, hazırda Menbic mövzusunda müzakirələr davam edir. Ehtimal ki, Türkiyə ABŞ-ın kürdləri Menbicdən geri çəkməsini nəzərdə tutur.

Hələlik isə əsas diqqət Tel Rıfat və İdlibdədir. Əgər Türkiyə ordusu Tel Rıfata girərsə, bundan sonra İdlib diqqət mərkəzinə gələcək. Çünki İdlib Astana anlaşmasına əsasən, Türkiyənin nəzarət edəcəyi bölgədir. Ancaq İdlibdə Astana heyətinin müxalifət kimi qəbul etdiyi qüvvələrlə yanaşı, terrorçu hesab olunan qrupların da olduğu ehtimal edilir. Bu isə Rusiya və Suriyanı İdlibdə əməliyyat keçirməyə vadar edir. Bu vəziyyəti düzəltmək üçün Türkiyənin qarşısında dayanan əsas məqsədlərdən biri İdlibi tamamilə nəzarətə götürməkdir. Bu həm də Suriyada siyasi həll prosesinin başlanğıcı ola bilər.

Karabakh Today

27.03.2018 15:48
Bölmə Siyasət