• İran Trampın hədəfində

ABŞ prezidenti vəzifəsinin icrasına başlamasının 1 illiyi ilə bağlı Ağ Evdə çıxışında İranı hədəfə alıb

ABŞ prezidenti Donald Tramp vəzifəsinin icrasına başlamasının 1 illiyi ilə bağlı Ağ Evdə çıxış edib. Bütün dünyanın diqqətində olan çıxışında ABŞ prezidenti həm daxili ictimai-siyasi vəziyyətə, həm də dünyada baş verənlərə, Amerikanın siyasətinə münasibətini bildirib. Gözlənildiyi kimi, Çin, Rusiya, Şimali Koreya ilə münasibətlərə toxunub və əlbəttə, İranı hədəfə alıb.

Tramp deyib ki, İran xalqı sərt diktaturanın cinayətlərinə qarşı üsyan etdikdə səssiz qalmayıb. O deyib ki, ABŞ azadlıq mübarizəsində İran xalqının yanında olacaq. Bundan başqa, o deyib ki, Konqresdən İranla əldə edilən nüvə anlaşmasının çərçivəsi ilə bağlı məsələlərə yenidən baxmasını istəyib. İranda ötən ilin sonunda başlayan aksiyaları dəstəkləyən ABŞ prezidenti eyni zamanda Qərb ölkələrini və sələfi Barak Obamanı İran siyasətinə görə də tənqid edib. Tramp deyib ki, Obamanın ağılsızcasına İrana etdiyi yardımlar terrorçulara gedib.

Xatırladaq ki, Tramp vəzifəyə gəldikdən bu yana İranla anlaşmaya qarşıdır və ən son olaraq ötən ilin oktyabrında İranla nüvə anlaşmasını yenidən baxılması üçün Konqresə göndərib. Ancaq həm ABŞ-da, həm də Avropa Birliyi daxilində Trampın bu qərarına qarşı ciddi müxalifət var. Bu səbəbdən də ABŞ prezidenti öz çıxışında Avropa ölkələrini də hədəfə alıb. Ancaq Trampın inadla İranla nüvə anlaşmasına qarşı çıxışları onu deməyə əsas verir ki, Ağ Evin rəhbəri yaxın zamanlarda Qüds qərarında olduğu kimi, dünyanın əleyhinə olduğu addımı atıb İranla anlaşmanı ləğv edəcək.

Trump İran ile ilgili görsel sonucu

Ancaq hələlik saziş ləğv olunmasa belə, Trampın İrana qarşı çıxışları regionda onsuz da gərgin olan ab-havanı bir az da gərginləşdirir. Son olaraq İranda baş verən çaxnaşmalarda Amerikanın rolu ilə bağlı hər iki tərəfin təsdiqləyici açıqlamaları onu göstərir ki, müəyyən çərçivədə ABŞ-İran gərginliyi sürətlə artır. Amerikanın İranla bu cür düşmənçilik siyasəti istər-istəməz 2000-ci illərin əvvəllərində yaşanan gərginlik və qarşıdurma dövrünü yada salır. İndi isə bölgədə vəziyyət daha dramatikdir və növbəti gərginlik bölgəyə daha ciddi başağrısı vəd edir.

Hasan Oktay ile ilgili görsel sonucu

“Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay deyir ki, ABŞ-İran qarşıdurması bütövlükdə regionun taleyinə təsir edə bilər. Ekspert deyir ki, regionda mövcud qüvvələr nisbəti İran-ABŞ qarşıdurması ilə yeni şəkil ala bilər. Söhbət Amerikanın İrana qarşı təzyiqləri artırmaq üçün müttəfiqlik münasibətlərinə yenidən baxa bilər. H.Oktayın fikrincə, proseslərin gedişi qarşıdurmanın daha da dərinləşəcəyini göstərior. Sitat: “ABŞ İraqa qarşı təzyiqləri artırmaq üçün Türkiyəni də yanında görmək istəyəcək. Bu zaman təbii ki, Suriyada Türkiyənin narahatlığını Vaşinqton aradan qaldıra bilər. Yəni Suriya mövzusunda ABŞ Türkiyəni öz yanına çəkməyə çalışacaq. Bir az da dərinə getsək, deyə bilərik ki, Amerika kürdləri Türkiyəyə verib, bunun qarşılığında Türkiyəni İrana qarşı siyasətində öz yanında görmək istəyəcək”.

Ancaq bu məsələdə bir də Rusiyanın mövqeyi həlledici ola bilər. Belə ki, Rusiya və Türkiyə arasında anlaşma qorunub saxlanarsa, Türkiyənin Amerika ilə yaxınlaşması mümkün olmayacaq. Bu mənada H.Oktaya görə, hər şey indi Rusiyanın Suriyadakı fəaliyyətindən asılı olacaq: “İndi hər şey bir mənada Rusiyanın mövqeyindən asılıdır. Əgər Rusiya Suriya mövzusunda Türkiyə ilə anlaşa bilsə, o zaman bu günə qədər mövcud olan Türkiyə-Rusiya-İran ittifaqı qorunub saxlana bilər və bu bir mənada İranı qoruyar. Əks təqdirdə, qarşıdakı günlər İran üçün çox sıxıntılı ola bilər”.

Bu mənada Hasan Oktay Trampın İran siyasətinin və bunun mümkün təsirlərinin əsas əlamətlərinin Suriyadakı anlaşma və siyasi qərarlara bağlı olacağını düşünür. Bir mənada indi regionun taleyinin Suriyada həll olunduğunu deyir.(musavat)

Karabakh Today

02.02.2018 21:02
Bölmə Polemika