• Administrasiya rəhbərindən Ermənistana xəbərdarlıq - müharibə yolu ilə münaqişəni həll edək

Ramiz Mehdiyev: “Biz torpaqlarımızı qaytarmalıyıq, sərhədlərimizi bərpa etməliyik - məcburuq, müharibə yolu ilə münaqişəni həll edək”; Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov: “Yetər ki, Azərbaycan hakimiyyəti ortaya iradə qoysun”

Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov: “Yetər ki, Azərbaycan hakimiyyəti ortaya iradə qoysun”

Ermənistanda vətəndaş itaətsizliyi aprelin 25-də də davam etdirilib. Müvəqqəti hökumətlə danışıqların mənasının olmadığını dərk edən müxalifət lideri Nikol Paşinyan xalqı yenidən küçələrə çıxarıb ki, bu da etimadı itirmiş hakimiyyəti ehtiyat tədbiri görməyə vadar edib.

Belə ki, erməni polisi ağır texnikanı və dəstələrini Respublika Partiyasının binasının önünə yığı’b. Partiya qərargahının ətrafı tam olaraq polisin nəzarəti altına alınıb. Eyni zamanda İrəvanın bir sıra mərkəzi küçələrinə BTR-lər yeridilib. Bütün bunlar isə işğalçı ölkədə hər an gərginliyin yarana biləcəyindən xəbər verir. Bir sıra müşahidəçilər isə yenə də o fikirdədir ki, Azərbaycan üçün torpaqlarını azad etmək şansı yaranıb. Hesab olunur ki, erməni xalqında Qarabağ klanına qarşı nifrətin son həddə çatdığı, həmçinin Serj Sərkisyanın istefasından sonra Qarabağdakı hərbi qüvvələrin də faktiki olaraq başsız, həm də çaşqın vəziyyətdə qalması şəraitində Azərbaycan ildırımsürətli müharibə ilə torpaqlarını azad edə bilər. Xatırladaq ki, 2016-cı ilin aprelində Qarabağdakı erməni hərbçilərin bir hissəsinin Kəlbəcərə qədər qaçdığını, onların zorla geri qaytarıldığını elə erməni generallar etiraf etmişdi. İndiki durumda isə özgə torpağında ölmək istəməyənlərin sayı daha çox olacaq təbii ki. Çünki ermənilər anlayır ki, onlara zülm edən cinayətkar hakimiyyətləridir.

Ramiz Mehdiyev: “Biz torpaqlarımızı qaytarmalıyıq, sərhədlərimizi bərpa etməliyik - məcburuq, müharibə yolu ilə münaqişəni həll edək”

Son günlər davamlı şəkildə İrəvanda da Azərbaycanın hücuma keçə biləcəyi barədə xəbərlər yayırlar. Bununla erməni hakimiyyəti xalqın diqqətini daxildəki durumdan yayındıracağını zənn edir, eyni zamanda beynəlxalq aləmə mesaj verir. 

Artıq Azərbaycanın bu şansdan istifadə edə biləcəyi beynəlxalq qurumları da hərəkətə gətirib. BMT-nin baş katibi Antoniu Quterriş Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasına yol verməməyə çağırıb. “Report” xəbər verir ki, bu barədə A.Quterrişin adından yayılan bəyanatda deyilir. “Baş katib, fürsətdən istifadə edərək, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu yaxınlarda təmas xəttində mümkün gərginlik hallarının qarşısını almaq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün səyləri artırmaq məqsədi ilə tərəflərə ünvanladığı müraciətinə qoşulmaq istərdi”, - bəyanatda vurğulanıb.

Üstəlik, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 25-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.

Ramiz Mehdiyev ile ilgili görsel sonucu

“Ermənilər böyük dövlət yaratmaq istəyirlər. Onların dənizdən-dənizə adlanan ideyası var. Çox səhv ideyadır, buna heç vaxt nail ola bilməyəcəklər. Bu ideyanın başında kilsə dayanıb”. Bu fikirləri Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev ATV-yə verdiyi müsahibədə deyib: “Bu gün Serj Sərkisyan, sabah başqası, onlardan asılı olmayaraq, ermənilərin belə ideyası var. Əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan dövləti bundan sonra da çox qüdrətli olmalıdır və bütün səylərin qarşısını almalıdır. Biz istəyirik ki, məsələni diplomatik danışıqlar yolu ilə həll edək, çünki müharibə istər-istəməz insan tələfatı ilə nəticələnir. Azərbaycan 15 ildə çox geniş inkişaf edib. Cənab prezidentin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bu gün dünyada tanınır. Prezidentin məqsədi ondan ibarətdir ki, bu məsələni danışıqlar yolu ilə həll edək. Lakin bu, baş tutmasa, bizim başqa yolumuz yoxdur - biz torpaqlarımızı qaytarmalıyıq, sərhədlərimizi bərpa etməliyik - məcburuq, müharibə yolu ilə münaqişəni həll edək”.

Bu, dövlət rəsmisi tərəfindən səsləndirilən kifayət qədər ciddi xəbərdarlıqdır. Həm işğalçı ölkə, həm də ona havadarlıq edənlər bu kimi xəbərdarlıqları nəhayət, ciddiyə almalıdırlar. Əks təqdirdə Ermənistan 1992-ci ildə Azərbaycan daxilindəki gərginlikdən istifadə edib torpaqlarımızı işğal etdiyi kimi, cavabını ala bilər. 

Etimad Əsədov ile ilgili görsel sonucu

Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov “Yeni Müsavat”a bildirdi ki, keçmiş döyüşçülər torpaqların azadlığı uğrunda qərar veriləcəyi günü gözləyir: “Beynəlxalq hüquq, BMT-nin qəbul etdiyi qətnamələr bundan əvvəl də bizə torpaqlarımızı azad etməyə həmişə fürsət verib. Yetər ki, Azərbaycan hakimiyyəti ortaya iradə qoysun. Ümumiyyətlə, biz fürsətlərdən yox, BMT-nin qətnamələrindən, beynəlxalq hüququn bizə verdiyi haqdan bəhrələnməliyik. Bu zaman Rusiya amili və ya digər məsələlər boş şeydir. Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti qərar versin, gedib torpaqlarımızı azad edək. Yerdə qalan bütün amillər boşdur. Bizim torpaqlarımızı azad etmək hüququmuz var. Bu məsələdə haqq-ədalət Azərbaycanın tərəfindədir”.

Hikmət Hacıyev ile ilgili görsel sonucu

Yeri gəlmişkən, bir neçə gün əvvəl rəsmi Bakı danışıqlara sadiq olduğunu da bəyan etmişdi. “Serj Sərkisyanın rəhbərlik etdiyi hərbi diktatura rejiminin hakimiyyətdən getməsindən sonra Ermənistanda hakimiyyətə sağlam siyasi qüvvələrin gələcəyinə ümidvarıq. Ermənistan xalqını əsarətdə və müharibə xofu altında saxlayan Sərkisyan rejiminin yürütdüyü siyasət nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində indiyə qədər irəliləyiş əldə etmək mümkün olmayıb”. Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. H.Hacıyev deyib ki, qoşunların təmas xəttində Azərbaycan tərəfindən guya hərbi texnika və canlı qüvvənin cəmləşdirilməsi barədə keçmiş Sərkisyan rejiminin ünsürlərinin isterik açıqlamaları həqiqəti əks etdirmir və keçən ilə aid məlumatlara əsaslanır. “Burada məqsəd yalnız ictimai fikri çaşdırmaq idi. Amma fakt ondan ibarətdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olmaqda davam edir. Gərginlik riskini aradan qaldırmaq üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbləri əsasında sülh yolu ilə tezliklə həlli üçün Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırıq. Münaqişənin tezliklə sülh yolu ilə həll edilməsi regionda davamlı sülh və sabitliyin bərqərar olmasını və hərtərəfli regional əməkdaşlıq imkanlarının yaranmasını təmin etmiş olar. Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini təmin edəcək”, - deyə Hikmət Hacıyev qeyd edib.

Göründüyü kimi, Bakı danışıqlara sadiqliyi bəyan etməklə yanaşı, torpaqlardan heç zaman imtina etməyəcəyini də nəzərə çatdırıb.

Karabakh Today

26.04.2018 12:06
Bölmə Siyasət