• Ermənistanda inqilab edən ABŞ kəşfiyyatçıları... - Sensasiyalı siyahı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) ən çox nümayəndəsi Ermənistanda fəaliyyət göstərir.

Bunu Türkiyənin stratejikguvenlik.wordpress.com internet saytı ciddi mənbələrə əsaslanaraq iddia edib.

Sözügedən iddianı özündə əks etdirən və etibarlı mənbələrə əsaslanan məqalədə qeyd edilir ki, MKİ əməkdaşları İrəvanda diplomat adı altında pərdələnərək bir sıra əməliyyatlara qatılır.

Məlum olduğu kimi, İngiltərədə ikili casus Sergey Skripalın və qızının zəhərlənməsi ilə Rusiya-Qərb münasibətləri gərginləşib. Nəticədə Rusiyanın çoxsaylı diplomatları Qərb ölkələrini tərk etmək məcburiyyətində qalıblar. ABŞ-ın Böyük Britaniya vasitəsilə apardığı bu kampaniyaya Moskvadan cavab özünü çox gözlətməyib. Şimal ölkəsi buna cavab olaraq Sankt-Peterburqda ABŞ konsulluğunu bağlayıb, 60-a qədər amerikalı diplomatından ölkədən çıxmağı tələb edib. Bütün bu məsələlər fonunda amerikalı diplomatların fəaliyyəti müzakirələrə səbəb olub.

Bu zaman ABŞ-ın Avropadakı ən böyük diplomatik missiyasına Ermənistanın ev sahibliyi etdiyi aşkara çıxıb.

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytına görə, bu ölkədə xanımları ilə birlikdə 84 amerikalı diplomat fəaliyyət göstərir. Halbuki Ermənistanda amerikalı diplomatların daha çox olduğu ehtimal edilir.

Təhlükəsizlik ekspertləri hesab edirlər ki, bu “diplomatların” bəziləri öz sahələrindən kənar fəaliyyət göstərdiyinə şübhə yoxdur.

ABŞ-ın Qafqaz fəaliyyətini yaxından izləyən “Elminbar” saytı ABŞ-ın Ermənistan kimi kiçik ölkədə belə böyük diplomatik heyət saxlamasının səbəblərinə şübhə ilə yanaşıb. Eyni zamanda, Rusiyanın Maksalexandrov.livejournal.com internet resursu da amerikalı diplomatların İrəvanda casusluq toru qurduğu haqda iddialar irəli sürüb. Bu iddiaların qarşısında sükutunu pozmayan ABŞ-ın İrəvandakı səfirliyi az sonra erməni mediasına verdiyi açıqlamada həmin informasiyaların həqiqətə söykənmədiyi və məqsədli şəkildə ortaya atıldığını bəyan edib.

Ancaq təhlükəsizlik resursları ABŞ kəşfiyyatının bu ölkədə nazirlərdən müxalifət partiyasına, mediadan ictimai qurumlara qədər sızdığı düşüncəsindədir.

ABŞ kəşfiyyatının quruluşu haqqında bilgi verən qaynaqlara görə, Ermənistanda əsas iki mühüm şəxsin adını qeyd etmək vacibdir. Bunlar ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills və USAİD-ın Ermənistan üzrə rəhbəri Debroah Grieserdir.

Barak Obamanın prezidentliyi zamanı səfir kimi Ermənistana göndərilən Mills əvvəllər ABŞ Dövlət Departamentində SSRİ ilə bağlı işləyib, habelə bu ilin fevralında qapadılan Rusiyanın Sankt-Peterburq konsulluğunda çalışıb.

ABŞ-ın işğal etdiyi İraqa 2009-cu ildə “demokratiya məsləhətçisi” olaraq gələn Mills saxta erməni soyqırımı məsələsində müəyyən mövqeyi olub. Səfir Mills tarixdə baş verən hadisələri tərəflərin səmimi və tam şəkildə müəyyənləşdirilməsi üçün işləyəcəyini vəd edib.

Təhlükəsizlik qaynaqları ABŞ səfirliyinin İrəvandakı fəaliyyətinin yalnız səfir Millslə məhdudlaşdırılmadığını vurğulayıblar. Mənbələr diplomatik kimlik altında fəaliyyət göstərən, reallıqda isə ABŞ kəşfiyyatına bağlı olan şəxslərin adını belə sıralayıb:

Makkeşou Sova. 2016-cı ildə vəzifəyə gəlib. Ermənistan Xarici İşlər Nazirliyi onu səfirliyin baş katibi olaraq tanısa da, təhlükəsizlik qaynaqları bu şəxsin İrəvandakı MKİ rezidenti olduğunu düşünür.

Nikoloz Sepaşvili. MKİ-nin Ermənistandakı rezidenti Sova ilə münasibətdədir. Ukrayna üzrə mütəxəssis olaraq tanınır.

Brodli Filpot ABŞ-ın Ermənistandakı səfirliyində atteşe olaraq fəaliyyət göstərir. Gürcüstan üzrə mütəxəssis hesab olunur. İrəvanda diplomatik fəaliyyətə Sova tərəfindən gətirilib.

Riçard Hotç idarəçilik üzrə mütəxəssisdir. Özü kimi ikinci katib vəzifəsini icra edən Jose Larziballve və Adam Colvinlə birlikdə erməni mətbuatı ilə maraqlanır. Təhlükəsizlik qaynaqlarına görə, hər üç şəxs MKİ-nin Ermənistandakı şefi Sovaya bağlıdır və açıq cəmiyyət institutu ilə birgə hərəkət edir.

Polkovnik Brus Merfi əvvəllər Kosovada vəzifə tutub, sonrakı iş ünvanı İrəvan olub. Qaynaqların fikrincə, təhlükəsizlik atteşesi vəzifəsini tutan polkovnik ABŞ Milli Kəşfiyyatının təmsilçisidir.

Erik Larsen Ermənistanda bioloji proqram üzərində işləyir. Bu şəxsin daha əvvəllər Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində vəzifə tutduğu, habelə Ukrayna, Moldova və Azərbaycanda təcrübə qazandığı deyilir.

Mixail Andres Başanın adının USİAD saytında olmasına baxmayaraq hərbi çevrilişlərdə rol aldığı və bu sahədə mütəxəssis olduğu iddia edilir.

Lila Başan Mixail Andres Başanın karyerası fonunda diqqəti çəkir. Başqa sözlə, bu iki şəxs ailə qurub. 2008-ci ildə “The Nyu York Times” qəzetində gedən məqalədə Mixail Andres haqqında heç bir məlumat olmasa da, Lila Başanın ABŞ Dövlət Departamentinin Yenidənqurma və Sabitlik Departamentində “qarşıdurmaların önlənməsi” üzrə mütəxəssis olduğu qeyd edilib.

Bu xəbərdə Başanın 2000-2008-ci illərdə Qərbi Afrika ölkələrində koordinator işlədiyi bildirilib. Onun hazırda İrəvandakı ABŞ səfirliyinin ikinci katibi vəzifəsi tutduğu qeyd edilir.

Josua Mulfordun İrəvandakı ABŞ səfirliyində rəsmi işi hərbi atteşenin köməkçisidir.

Kəşfiyyat qaynaqları onun ABŞ Milli Kəşfiyyatında polkovnik Brus Merfiyə bağlı olduğunu ehtimal edirlər.(teleqraf)

Karabakh Today

31.05.2018 13:15
Bölmə Siyasət