• İranla ABŞ arasında gərginlik - İttihamlar sərtləşir

Əhvazda 20-dən çox insanın ölümü ilə nəticələnən terror hadisəsi barədə araşdırmalar davam edir.

 İranın hüquq-mühafizə orqanları bu hadisə ilə əlaqədar artıq 22 nəfəri saxlayıb.

Saxlanılanların evində aparılan axtarışlar zamanı qumbara, silah və digər partlayıcı avadanlıqlar aşkar edilib.

Xatırladaq ki, terror aktına görə məsuliyyəti “Ərəb Demokratik Hərəkatı” öz üzərinə götürmüşdü. Səudiyyə Ərəbistanının isə bu terror təşkilatının maliyyələşdirilməsində yaxından iştirak etdiyi iddia edilir.

İranın hökumət qüvvələri isə terror aktının məhz Vaşinqtonun dəstəyi ilə həyata keçirildiyini bildirir. İranın Xarici İşlər Naziri Məhəmməd Cavad ABŞ-ı “terrorizmin sponsoru” adlandırıb, Kəşfiyyat naziri Mahmud Ələvi isə terror aktına görə ərəb ölkələrini və onların havadarı olan rəsmi Vaşinqtonu günahlandırıb.

Bundan başqa İranın Ali Dini lideri Ayətullah Xameneyi də açıqlamasında terror aktında ABŞ-ın izlərinin olduğunu vurğulayıb.

ABŞ Dövlət Departamenti terror təşkilatçılarına dəstək göstərdiyi barədə açıqlamaları tamamilə təkzib edir.

Vaşinqtonun BMT-dəki daimi nümayəndəsi Niki Heyli isə terrorda onları günahlandırdıqlarına görə rəsmi Tehran barədə sərt bəyanatla çıxış edib:

“İran prezidenti çox uzun müddətdir öz xalqını əsarətdə saxlayır. İrana daxil olan bütün pullar onun hərbi xərclərinə sərf edilir. O, bizi çox hadisələrdə günahlandıra bilər. Ancaq bundan öncə güzgüdə özünə baxsın”.

İran prezidenti Həsən Ruhani isə Tvitter hesabından etdiyi paylaşımda ABŞ təmsilçisinin sözlərinə sərt reaksiya verib:

“ABŞ-ın BMT-dəki rəsmi təmsilçisi bir az əvvəl Əhvazdakı terror aktı ilə bağlı faciəvi bəyanat yayıb və İran hökumətini bu terrora görə günahlandırıb! Maraqlıdır, biz 11 sentyabr hadisələrini ABŞ hökumətinin törətdiyini desək, amerikalıların buna reaksiyası necə olacaq?”

Həsən Ruhaninin bu cür açıqlama verməsi İran kəşfiyyatında “11 sentyabr” hadisələri barədə məlumatlar olması ehtimalını artırır. Bu açıqlama Ağ Evdə narahatlıq yarada bilər.

Karabakh Today

25.09.2018 13:47
Bölmə Siyasət