• Türkiyə-ABŞ münasibətlərini böhrana soxan keşişlə bağlı şok gəlişmə - kritik 10 gün

Türkiyə Konstitusiya Məhkəməsi oktyabrın 12-də keşiş Bransonla bağlı son qərarı verəcək; onun azad ediləcəyi ilə bağlı iddialar ciddiləşir; qardaş ölkənin Amerika ilə yumşalan münasibətlərində Bakı da maraqlıdır, çünki...

NATO üzrə müttəfiqlər olan Türkiyə və ABŞ arasında münasibətlər hələ ki öz tarixində ən qəliz dövrünü yaşayır. İş o yerə çatıb ki, qardaş ölkə rəhbərliyi rəsmi Vaşinqtonu Türkiyəyə qarşı iqtisadi müharibə aparmaqda və onu çökdürmək cəhdində açıq şəkildə ittiham edir.

Aradakı gərginliyin isə bir neçə mühüm səbəbi var. Bura Suriya məsələsində Ankaranın daha çox Moskva ilə birgə hərəkət eləməsi, ümumiyyətlə, son illər Türkiyənin ABŞ sanksiyalarına məhəl qoymadan Rusiya ilə bir çox sahələr üzrə yaxınlaşması, o cümlədən hərbi-texniki sferada ikitərəfli əlaqələrin xeyli inkişaf eləməsi, S-400, “Türk axını” anlaşmaları, həmçinin böyük Yaxın Şərqdə Ankaranın  geosiyasi oyunçu kimi müstəqil siyasət yürütməsi daxildir.

Sözsüz ki, səbəblərin başında rəsmi Ankaranın son illər Amerikadan asılı olmayan siyasət aparması dayanır. Bu xüsusda casus-keşiş Branson məsələsi, Türkiyə lirəsinin başına gələnlər səbəbdən daha çox nəticə təəssüratı bağışlayır.

Lakin bir məqam da var ki, Türkiyə və ABŞ bir-biri üçün vazkeçilməz tərəfdaşlar olaraq qalır. Amerikanın qardaş ölkəyə qarşı iqtisadi xarakterli təhdidləri isə sonuc olaraq, onun öz maraqlarına da təhlükəlidir. Ona görə ki, belə vəziyyətdə Türkiyə ABŞ-ın 3 təhlükəli ölkədən biri elan elədiyi Rusiya ilə bir az da yaxınlaşmaq zorunda qalır. Bu mənada Ankara-Vaşinqton münasibətlərinin normal axara düşməsində Ağ Evin də maraqlı olduğu dəqiqdir.                   

*****

Bu arada ABŞ-Türkiyə əlaqələrində böyük “sualtı daş”lardan biri sayılan keşiş Endryu Branson məsələsində yetərincə maraqlı bir gəlişmə qeydə alınıb. Daha doğrusu, onun tezliklə azad ediləcəyi ilə bağlı ehtimallar ciddiləşib.

Türkiyə-ABŞ münasibətləri ile ilgili görsel sonucu

“Türkiyədə həbsdə olan amerikalı rahib Branson 12 oktyabrda sərbəst buraxıla bilər”. Bu barədə “Hürriyet” yazarı Əbdülqədir Selvi yazıb (axar.az). Yazarın sözlərinə görə, hazırda Türkiyəni iqtisadi hücumların hədəfinə çevirən səbəblərin aradan qaldırılması prosesi başlanıb. Bransonun vəkili İsmayıl Cem Halavurtla danışdığını bildirən Selvi 12 oktyabrda ev həbsində saxlanılan amerikalı keşiş Endryu Bransonun azadlığa çıxa biləcəyini söyləyib.

“Türkiyəni iqtisadi böhrana aparan yoldakı minaları bir-bir təmizləməyə çalışırlar. ABŞ-la yaşadığımız gərginliyin səbəbkarı Branson hadisəsində vacib yeniliklər gözlənilir. Bransonun vəkili İsmayıl Cem Halavurtla danışdım. 3 oktyabrda Konstitusiya Məhkəməsinə fərdi müraciət ediləcəyini təsdiqlədi. Məhməd Altan qərarını səbəb göstərərək, Branson haqqındakı məhkəmə nəzarəti şərtinin aradan qaldırılmasını tələb edəcək. 12 oktyabrdakı məhkəmədə Bransonla bağlı qərarın verilməsi gözlənilir. Belə olan halda oktyabrın 13-də Bransonu ABŞ-da təyyarə trapından enərkən görə bilərik” - Selvi yazıb.

*****

Qeyd edək ki, bundan az öncə bəzi Amerika mənbələri də analoji ehtimal irəli sürmüş, oktyabrın 12-də Bransonun ABŞ-a qaytarıla biləcəyini bildirmişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə ötən həftə Nyu-Yorkda BMT Baş Məclisinin 73-cü sessiyası çərçivəsində verdiyi açıqlamaların birində Türkiyənin hüquqi dövlət olduğunu və qərarı da məhkəmənin verə biləcəyini diqqətə çatdırmışdı.

Brunson ile ilgili görsel sonucu

Ancaq aydındır ki, məsələ indi həm də siyasi xarakterlidir. Yəni ilk növbədə siyasətçilərin çözməli və anlaşmalı olduğu bir problemdir. Odur ki, sual ortaya çıxır: əgər qərar siyasi olacaqsa, o zaman Branson nəyin qarşılığında Amerikaya təhvil veriləcək ki, rəsmi Ankara, prezident Ərdoğan da öz sifətini saxlaya bilsin?

Bu suala iki ölkə münasibətləri üçün kritik sayılacaq qarşıdakı 10 gün cavab verəcək yəqin ki.        

*****

İstənilən halda Türkiyə-ABŞ münasibətlərində gərginliyin azalması şübhəsiz ki, Azərbaycanın da milli maraqlarına tamamilə cavab verir. Ən azından ona görə ki, o halda qardaş ölkənin regionda və Rusiya ilə münasibətlərində manevr imkanları artacaq, Türkiyə lirəsi ABŞ dolları qarşısında möhkəmlənəcək. Demək, Azərbaycan manatının sabitliyinə bundan dolayı psixoloji yan təsir də azalmış olacaq.

Türkiyə Konstitusiya Məhkəməsi ile ilgili görsel sonucu

Əlbəttə ki, Türkiyənin gücü Azərbaycanın gücüdür və əksinə. Qardaş ölkə həm də Qarabağ məsələsində bizim ən böyük müttəfiqimiz olaraq qalır. Ankara-Vaşinqton münasibətlərində böhranın qalması ən çox işğalçı Ermənistanın marağındadır. Bu böhranın aradan qalxması Qarabağ məsələsinin həllində qardaş ölkənin ABŞ-a təsir imkanlarını artırardı.

Söz yox ki, Branson azad edilsə də, tərəflər arasında digər ziddiyyətli məsələlər avtomatik aradan getməyəcək. Buna zaman lazımdır. Əsas odur ki, normallaşma prosesi başlasın və bunda hər iki tərəf eyni dərəcədə maraqlı olsun. Ayrı sözlə, “buz” yerindən tərpənsin və əlaqələrin istiləşməsi üçün tədricən qarşılıqlı etimad mühiti formalaşsın.

Karabakh Today

02.10.2018 11:45
Bölmə Siyasət