• Azərbaycanın tək yolu: danışıqlar müharibəyə aparır - kritik gəlişmə

Havaların hərarəti ilə birgə müharibə riski də artır; Kremlə yaxın politoloqdan savaş xəbərdarlığı gəldi: “Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən artıqdır, bu, o deməkdir ki...”; Rusiya müdafiə nazirinin müşaviri isə “ABŞ Rusiyanı dağıtmaq üçün Qarabağdan istifadə edə bilər” deyir...  

ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri regionda səfərdədir. Təəssüf ki, bu səfər də Qarabağ məsələsinin sülh yolu ilə həllində dönüş yarada bilməyəcək. Fakt budur ki, ilin 5 ayı yekunlaşmaq üzrə olsa da, 2019-a bəslənən ümidlər, nikbin gözləntilər hələ ki özünü doğrultmur. “Qarabağ yükü” köhnə yerində qalmaqda davam edir. Hərçənd rəsmi Bakı sülh danışıqlarının potensialına inamını tam itirməyib.

“Azərbaycan Ermənistanın yeni rəhbərliyindən Qarabağ münaqişəsinin tez bir zamanda nizamlanması üçün məsuliyyətli addımlar gözləyir”. Bu fikri xarici işlər naziri Elmar Məmmədyarov “Nezavisimaya qazeta”dakı məqaləsində yazıb. Məqalədə qeyd olunur ki, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası yolu ilə ölkənin suverenliyi və sərhədləri beynəlxalq səviyyədə tanınsın.

“Bu, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dinc və təhlükəsizlik mövcudluğunu təmin etməyə imkan verəcək. Sülh, çiçəklənmə və əməkdaşlıq şəraitində hər iki icma bölgənin cari və gələcək məsələlərini birgə həll edə biləcək. Bu, Ermənistanla Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin, eləcə də regionda sülhün və təhlükəsizliyin bərqərar olunması üçün əsas verəcək” - nazir qeyd edib və əlavə edib ki, münaqişənin qısa zamanda həlli üçün ciddi işlər görüləcək və bununla da danışıqların imitasiyasına yox, real danışıqlar prosesinə start veriləcək.

*****

Ä°lgili resim

Ancaq Azərbaycan XİN başçısının bu sözləri əslində daha çox arzu-istək janrındadır. Çünki işğalçı Ermənistanın yeni, “əli azərbaycanlıların qanına bulaşmayn” rəhbərliyi də konstruktiv danışıqlara, böyük sülh anlaşmasına hazır görünmür. Hətta sələflərindən bəzən daha radikal mövqe sərgiləyir. Status-kvonu, yəni işğal rejimini süni surətdə uzatmağa və vaxt udmağa çalışır. Sülh danışıqlarının imitasiyası ilə məşğul olur. Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın son açıqlaması da bu qəbildən sayıla bilər.   

“Moskva və Vyanada Dağlıq Qarabağ münaqişəsi üzrə baş tutmuş görüşlərdə əldə edilmiş anlaşmaların bəzi nəticələrini yaxında göstərə biləcəyik” - Mnatsakanyan deyib. Nazir bir sıra məsələlərin ATƏT-in Minsk Qrupu həmsdərləri ilə müzakirə edildiyini bildirib: “Bundan sonra daha əhatəli nəticə göstərə biləcəyik, çünki bu mərhələdə əldə edilmiş anlaşmaların yerinə yetirilməsinə yönəlik proses davam edir”.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçılarının bu ilin yanvarında reallaşan Paris görüşündə xalqları sülhə hazırlamağın zəruriliyi haqda razılığa gəlinmişdi. Lakin çox keçmədi, bu şifahi anlaşma unuduldu, çünki rəsmi İrəvan daha çox daxili auditoriyaya ünvanlı “bir qarış torpaq da qaytarıla bilməz” sərsəm yanaşmasına kökləndi. Özü də bunu erməni rəsmiləri işğal altındakı torpaqlarlımıza gedərək, oradan bəyan elədilər. Müdafiə naziri David Tonoyan isə Azərbaycanı yeni ərazi işğalı ilə hədələdi. Ardınca baş nazik Nikol Paşinyan bəyan elədi ki, “Tonoyan onun sözünü deyib, başqa cür danışsaydı, onu işdən çıxarardı”.

*****

, Paşinyan Xankəndində ile ilgili görsel sonucu

Bu mövqe dəyişməz qalır. Üstəgəl, Paşinyan Xankəndində nümayişkaranə şəkildə, ilk dəfə Ermənistan Təhlükəsizlik Şurasının toplantısını keçirdi, Şuşanın işğal günü Şuşada yallı getdi. Belə bir ritorika fonunda aparılan danışıqlar əlbəttə ki, sülhə töhfə verə bilməz və yalnız müharibəyə aparır. Demək ki, xalqları sülhə deyil, müharibəyə hazırlamaq lazımdır.

Azərbaycan xalqı, onun ordusu onsuz da buna çoxdan hazırdır - həm də zəfər savaşına. Çünki ərazisi işğal altında olan bizik. Bu üstün potensialı əcnəbi siyasi və hərbi ekspertlər də etiraf edirlər.          

“Azərbaycanın 20 faiz ərazisi işğal olunub, 1 milyondan çox qaçqın və məcburi köçkünü var. Müharibənin dayandırılması üçün 1994-cü ildə atəşkəs elan edilib. Ermənistan Dağlıq Qarabağdan əlavə 7 rayona nəzarəti həyata keçirir. O ərazilərdən azərbaycanlılar çıxarılıb”. Bunu Bakıda keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Moskvadakı Siyasi Araşdırmalar İnstitutunun direktoru, Kremlə yaxın tanınmış politoloq Sergey Markov deyib (Report).

, Paşinyan Xankəndində ile ilgili görsel sonucu

“Bundan əlavə, qeyd etməliyəm ki, 1992-ci ildə Xocalıda faciə törədilib, yüzlərlə insan həyatını itirib. Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar qətnəmalər qəbul ediblər. Həmin sənədlərdə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu qeyd olunub”, - deyə, o bildirib.

S.Markov vurğulayıb ki, münaqişənin həlli ilə bağlı ölkələr arasında danışıqlar aparılır: “Bunun üçün ATƏT-in Minsk Qrupu yaradılıb. Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən artıqdır. Bu, o deməkdir ki, Azərbaycan ordusu müharibəyə hazırdır. Yəni sülh danışıqları nəticə vermədikdə, Azərbaycan müharibə yolunu seçə bilər”, - deyə Kremlə yaxın politoloq əlavə edib.

*****

karabakh osce ile ilgili görsel sonucu

Bu arada Amerikanın “Rand Corporation” analitik şirkətinin Rusiyanı necə dağıdıb zəiflətmək barədə yayılan hesabatına Rusiya müdafiə nazirinin müşaviri Andrey İlnitski maraqlı şərh verib. İlnitski hesab edir ki, Vaşinqton Şimali Qafqazı “hərəkətə keçmək üçün nöqtə” kimi görmür, amma Azərbaycan və Ermənistan arasındakı Qarabağ münaqişədən istifadə edə bilər. O iddia edib ki, hesabatın mətninə əsasən Azərbaycan hökmən Qərbin mövqeyini qəbul edəcək. İlnitski hazırda ABŞ-ın ən böyük səfirliklərindən birinin Ermənistanda yerləşdiyini də qeyd edib...

Qarabağla bağlı ABŞ və Rusiyanın fərqli maraqlar güddüyü şübhə doğurmur. Hər iki güc mərkəzi bu münaqişəyə ən əvvəl digərini regiondan sıxışdırıb çıxarmaq və orada möhkəmlənmək vasitəsi kimi baxır. Biri - ABŞ onu tezliklə hansısa formada həll eləməklə, digəri - Rusiya isə əksinə, onu “dondurulmuş” vəziyyətdə saxlamaqla. Bu rəqabətin nə ilə bitəcəyi hələlik bəlli deyil. Bir şey dəqiqdir ki, havaların hərarəti ilə birgə Qarabağ münaqişəsi zonasında müharibə riski də artır...(musavat)

Karabakh Today

30.05.2019 12:46
Bölmə Siyasət