• TƏHLÜKƏLƏRƏ QARŞI VAXTINDA ADDIM ATILACAQ

Nazirlərin üçtərəfli görüşü Bakı, Ankara və Tehranın maraqlarına cavab verir

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə 5-ci üçtərəfli görüşü keçirilib. Nazirlərin görüşündə üç ölkə arasında əməkdaşlığın perspektivləri və digər aktual məsələlər müzakirə edilib. Görüşün yekununda birgə Bəyannamə qəbul olunub.
 
Görüşü dəyərləndirən siyasi şərhçilərə görə, bütün aspektlərdən baxanda, Azərbaycan, Türkiyə və İran bu coğrafiyanın ən mühüm ölkələri hesab olunurlar. Ona görə də bu üçlüyün münasibətlərinin daha da möhkəmlənməsi, xarici siyasətdə mövqelərinin yaxınlaşması, siyasi-iqtisadi əlaqələrin dərinləşdirilməsi çox arzuolunandır. Bu ölkələrin ortaq mövqedə dayanmaları üçün istər tarixi, istərsə də müasir şərtlər mövcuddur.
 
Qərb Universitetinin professoru Fikrət Sadıqov deyib ki, görüş terrora və radikal ekstremizmə qarşı birgə səylərin gücləndirilməsini özündə ehtiva edir. Onun sözlərinə görə, üçtərəfli görüş hazırkı geosiyasi şəraitdə mühüm əhəmiyyətə malikdir: 
 
"Təhlükələrə qarşı vaxtında atılacaq addımlar baxımından nazirlərin üçtərəfli görüşü Bakı, Ankara və Tehranın maraqlarına cavab verir. Türkiyə və İranın Suriya və digər bir sıra məsələlərdə fərqli möqvelərini Bakıda uzlaşdırmağa çalışmaları çox vacib məqamdır. Azərbaycan başa düşür ki, təhlükələr və risklər hər üç ölkə üçün ümumi xarakter daşıyır və buna görə də səylər birləşdirilməlidir. Bunun öhdəsindən gəlmək hər nə qədər çətin olsa da, mümkündür. Hesab edirəm ki, nazirlərin üçtərəfli görüşü bu kontekstdə müsbət hadisədir və regionun gələcək stabilliyi üçün mühümdür”.
 
Politoloq Elxan Şahinoğlu da bildirib ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini vurğulayan bəyanata imza atması onun İrəvanda dediklərinə zidd idi: 
 
"Birincisi, nazirlər ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmamasına çağırış etdilər. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında ən qısa müddətdə həllinin vacibliyi xüsusi qeyd edildi. Cavad Zərif dekabrın 1-də Ermənistanda rəsmi səfərdə olarkən bu ölkəni bölgədə "sülhün və əmin-amanlığın carçısı və təminatçısı” adlandırmışdı. Zərifin Bakıda sözügedən bəyanata imza atması onun İrəvanda dediklərinə zidd idi. Odur ki, imzalanmış bəyanat deyilmiş sözdən daha dəyərli olmalıdır.
 
İkincisi, nazirlər Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanması üçün lazımi addımların atılmasının vacibliyini vurğuladılar. Bu müddəa Azərbaycan üçün vacibdir. Çünki Azərbaycan qonşu ölkələrin regional layihələrə qarşı çıxmasını və bu layihələrə rəqib gözü ilə baxmasını istəmir. İranın Bakı-Tiflis-Qars dəmiryolunu dəstəkləməsi o deməkdir ki, Tehran Çindən çıxan malların Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən daşınmasının əleyhinə deyil. Əksinə, bəlkə gələcəkdə öz yüklərini də bu xətt üzrə Avropaya daşıdı”.
Karabakh Today

22.12.2017 14:50
Bölmə Mövqe