• Azay Quliyevdən erməni deputatın təxribatçı fikirlərinə tutarlı cavab

ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyası çərçivəsində daimi komitənin iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri Hermine Nağdalyan Azərbaycan Prezidentinin azərbaycanlıların öz tarixi torpaqlarına geri qayıdacaqlarına dair fikrini Ermənistana xas ənənəvi şəkildə, təhrif olunmuş formada – Ermənistana qarşı ərazi iddiaları kimi təqdim edib.

ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyası çərçivəsində daimi komitənin iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri Hermine Nağdalyan Azərbaycan Prezidentinin azərbaycanlıların öz tarixi torpaqlarına geri qayıdacaqlarına dair fikrini Ermənistana xas ənənəvi şəkildə, təhrif olunmuş formada – Ermənistana qarşı ərazi iddiaları kimi təqdim edib.

ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev erməni deputatın bu təxribatçı fikirlərinə tutarlı cavab verib. O, təəssüflə bildirib ki, Ermənistan nümayəndə heyəti sessiya iştirakçılarını çaşdırmağa və Azərbaycan Prezidentinin fikirlərini təhrif etməyə çalışır. “Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, erməni deputatın iqtibas gətirdiyi qurultay zamanı Azərbaycan Prezidenti azərbaycanlıların didərgin düşdükləri öz tarixi torpaqlarına qayıtmalı olduqlarını vurğulayıb. İnsanların didərgin salındıqları öz torpaqlarına geri qayıtmaq qədər normal və təbii, beynəlxalq hüquqa əsaslanan başqa bir hüququ ola bilməz”, - deyə deputat vurğulayıb.

ATƏT PA-nın vitse-prezidenti deyib: “Ermənistan nümayəndə heyətinin insanların qovulduqları öz ata-baba yurdlarına geri qayıtması ideyasına bu şəkildə düşmən kəsilməsini qəbul etmək mümkün deyil. Bu, əslində azərbaycanlı dinc əhaliyə qarşı onillər boyu həyata keçirilmiş etnik təmizləmə siyasətini müdafiə etmək deməkdir. Mənim öz ailəm Ermənistandan - əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olan Zəngəzur mahalından didərgin salınıb. Məlumatınız üçün bildirim ki, həmin torpaqlar 1923-cü ildə sovet hakimiyyəti tərəfindən Azərbaycandan alınaraq Ermənistan ərazilərinə birləşdirilib. Həmin torpaqlardan qovulmuş milyonlarla insandan biri kimi mənim öz ata-baba yurduma qayıtmaq hüququmu heç kim inkar edə bilməz. Bu baxımdan Ermənistan nümayəndə heyəti tərəfindən nümayiş etdirilən mövqe 57 ölkənin parlamentarisini bir araya gətirən Avropa dəyərləri, Helsinki Yekun Aktının prinsipləri ilə heç bir şəkildə uyğunluq təşkil edə bilməz. Bir daha Ermənistan nümayəndə heyətini ATƏT PA-nın tribunasından sui-istifadə etmək əvəzinə, bu platformadan konstruktiv şəkildə problemlərin həlli və dialoqun təşviqi üçün istifadə etməyə çağırıram”.

Karabakh Today

22.02.2018 20:44
Bölmə Siyasət