• Aprel döyüşlərinin ildönümü ərəfəsində Zakir Həsənovun Türkiyə səfərinin əhəmiyyəti

İşğalçı ölkənin savaş narahatlığı; politoloq: “Azərbaycanın strateji müttəfiqi ilə yeni hərbi anlaşma imzalamasına ehtiyac var”

Azərbaycan ordusunun artan qüdrəti işğalçı Ermənistanı və onun himayədarlarını ciddi şəkildə narahat edir. Düşmən ölkə ordusunun rəhbərliyinə daxil olan şəxslərin son günlər bir-birinin ardınca Azərbaycanın genişmiqyaslı hərbi təlimlər keçirməsindən dolayı narahatlıq ifadə etməklə yanaşı, həm də daxili auditoriyaya hesablanmış hərbə-zorba çıxışları etməsi birmənalı şəkildə qorxunun əlaməti sayılmalıdır.

Üstəlik, Rusiyadan, eyni zamanda KTMT rəhbərliyindən Qarabağın işğalçı və terrorçu qüvvələrdən təmizlənməsi uğrunda əməliyyatlara start veriləcəyi halda, Azərbaycan daxilində həyata keçirilən əməliyyatlara müdaxilə olunmayacağı barədə bəyanatlar işğalçı ölkəni tərəddüd içərisində qoyub.

Bu günlərdə Rusiyanın Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin hesabatında bildirilirdi ki, Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyü getdikcə daha çox nəzərə çarpır. Paralel olaraq Strategiyalar və Texnologiyalar Analizi Mərkəzinin “Fırtınanı gözləyərkən: Cənubi Qafqaz” adlı hesabatında əksini tapan faktlar da iki ölkə arasındakı fərqləri ortaya qoyur.

Belə bir ərəfədə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Türkiyəyə səfəri sözsüz ki, işğalçı ölkədə həyəcanla izlənilir.

Qeyd edək ki, Ankarada rəsmi səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 28-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

MN-dən APA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Müdafiə naziri xatirə kitabına ürək sözlərini yazıb.

Həsənov həmçinin Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib. H. Əliyevin parkdakı heykəli önünə əklil qoyulub, xatirəsi ehtiramla yad olunub.

Aprel döyüşlərinin növbəti ildönümü ərəfəsində reallaşan səfərdən söhbət gedirsə, narahatlıq anlaşılandır. Hələ Türk ordusu Afrin uğrunda əməliyyatlara başlayanda Ermənistan mediası Türkiyə ordusunun günün birində Azərbaycan torpaqlarında da hərbi əməliyyatlarda iştirak edə biləcəyindən yazırdı, bu mənada düşmənin həyəcanı anlaşılandır.

Zakir Həsənov Hülusi Akarla ile ilgili görsel sonucu

Martın 28-də cənab Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarla görüşüb. Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın hazırkı durumu və gələcək inkişaf perspektivləri müzakirə olunub. Türkiyə Respublikasının milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə Ankaraya səfər edən Z.Həsənov martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək. Düzdür, bu səfər əvvəlcədən planlaşdırılmış görüşlə bağlıdır. Amma Qarabağda vəziyyətin hər an dəyişə biləcəyini həm dost, həm də düşmən açıq etiraf edir. Belə olan təqdirdə müttəfiq ölkələrin ordu rəhbərlərinin bir araya gəlməsi sıradan bir hadisə deyil.

Qafar Çaxmaqlı ile ilgili görsel sonucu

Politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a dedi ki, Ermənistanla Azərbaycan arasında hərbi münaqişənin kəskinləşməsi qaçılmazdır: “Bu günlərdə Strategiyalar və Texnologiyalar Analizi Mərkəzinin ”Fırtınanı gözləyərkən: Cənubi Qafqaz" adlı hesabatında da ekspertlər bu nəticəyə gəliblər. Rusiyada olan bəzi müstəqil ekspertlər həqiqətləri söyləyirlər. Həqiqətən də Azərbaycan hərbi- texniki cəhətdən və ordunun sayı baxımından Ermənistandan üstün durumdadır. Əgər bizim 126 minlik silahlı qüvvələrimiz varsa və Ermənistan 45 min +20 min ordu ilə qarşımıza çıxacaqsa, əlbəttə, qələbə bizim tərəfimizdə olacaq. Amma həmin hesabatda da etiraf olunduğu kimi, Ermənistanı xilas etmək üçün Rusiyanın hərbi yardımları və kredit ayırmaları olur və ehtimal ki, bundan sonra da olacaq. Hərbi əməliyyatların başlaması təqdirində də Rusiyanın öz strateji ortağının yanında olacağı şəksizdir. Amma bu hesabatda yer alan bir fikrə diqqət etmək vacibdir: Azərbaycanın qəfil hücumu. Biz də öncəki şərhlərimizdə həmişə bu faktordan bəhs etmişik ki, Azərbaycan münasib məqamı seçməlidir. O məqamın yetişəcəyi də rusiyalı ekspertlər tərəfindən qeyd edilir. Açıq görünməkdədir ki, Azərbaycan gələcəkdə də Ermənistandan üstün olacaq. Əlbəttə, Azərbaycan öz ərazilərindən imtina etməyəcək".

Q.Çaxmaqlı qeyd etdi ki, beynəlxalq basqılar, Minsk Qrupunun “manevr”ləri də Azərbaycanı fərqli addımlar atmağa sövq edə bilməz: “Bu hesabat da göstərir ki, Dağlıq Qarabağ və onun ətrafındakı bölgələrin geri qaytarılması üçün yalnız bir yol var, o da antiterror əməliyyatlarıdır. Orada da qeyd edilir ki, artıq məsələnin hüquqi həllinə ümid yoxdur. ”Dağlıq Qarabağın beynəlxalq statusu müəyyən edilməmişdir, erməni tərəfi qeyri-bərabər iqtisadi və demoqrafik resursları ilə Azərbaycanla silahlanmada yarışmaq məcburiyyətindədir". Amma sual ortaya çıxır: nə vaxta qədər? Ekspertlər də haqlı olaraq ifadə edirlər ki, əgər bu münaqişə həll edilməyib gələcəyə daşınarsa, yenə Azərbaycanın xeyrinə olacaq. Sənəddə qeyd olunduğu kimi, demoqrafik proseslər dəyişməzsə, Ermənistanın əhalisi 2030-cu ilə qədər 3 milyona, 2050-ci ildə isə 2,7 milyona qədər azalacaq. BMT-nin hesablamalarına görə, Azərbaycanın əhalisi 2030-cu ilə 10,7 milyona, 2050-ci ildə isə 11 milyona çatacaq. Bu, potensial üstünlükdür. Dağlıq Qarabağın bizim olacağını təsdiqləyən faktorlardır".

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a açıqlamasında Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişafı istiqamətində yeni addımlar atmağın vacibliyindən danışdı: “İzlədiyim erməni saytlarından gəldiyim qənaət budur ki, işğalçı ölkə Türkiyə ordusunun Suriyadakı qələbələrindən yaman narahatdır. Türkiyə Afrinlə kifayətlənməyəcək, irəliləməkdə davam edəcək, növbədə hətta İraq ərazisində əməliyyatların keçirilməsi planı var. Bu baxımdan Ermənistanın narahatlığı anlaşılandır. Türkiyə quru sərhədi olan bir ölkədə - Suriyada hərbi əməliyyat keçirir, o birisində - İraqda belə bir hərbi əməliyyatı planlaşdırır, digər quru sərhədi olan Ermənistan isə qara-qara düşünür ki, daha sonra növbə kimə çata bilər? Ermənistan Rusiyaya arxayın olsa da, İrəvan Ankara-Moskva dialoqundan və razılaşmalardan da ciddi narahatlıq keçirir. Bölgədə yaranan bu vəziyyətdən biz də istifadə etməyi bacarmalıyıq”. E.Şahinoğlu bunun üçün konkret təkliflər irəli sürdü: “Birincisi, Türkiyə ordusunun uğurları fonunda Azərbaycanın strateji müttəfiqi ilə yeni hərbi anlaşma imzalamasına ehtiyac var. Bu anlaşma hərbi ittifaqı yeni bəndlərlə gücləndirmək mahiyyəti daşımalıdır. İkincisi, elə bu ərəfədə Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin Naxçıvanda və cəbhə bölgəsinə yaxın ərazidə keçirilməsi də işğalçıya ciddi mesaj olardı. Üçüncüsü, Azərbaycanın Afrinin yenidən qurulmasında, o cümlədən infrastruktur çalışmalarında iştirakı arzuolunandır. Əlbəttə, bunun üçün Ankaranın Bakıya müraciəti vacibdir və mənə elə gəlir ki, Bakının arzusu olarsa, Ankara bu müraciəti gecikdirməz. Bu da iki ölkə arasındakı hərbi ittifaqın gücləndirilməsinə xidmət edər, həm də bizə gələcəkdə azad olunan torpaqlarımızda infrastrukturun yenidən qurulması məsələsində gərəkli təcrübə qazandırar”.

Karabakh Today

29.03.2018 11:44
Bölmə Siyasət