• Bakını su basmasın deyə "Azərsu"ya ayrılmış 14,7 milyon vəsaitlə hansı işlər görülüb?

2017-ci ildə "Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlər həyata keçirməyə başlamışdı.
 
Qaynarinfo xəbər verir ki, bunun üçün dövlət büdcəsindən quruma 14,7 milyon manat vəsait ayrılmışdı. Lakin ötən gün yağan yağış həyata keçirilən layihələrin yetərsiz olduğunu göstərdi.
 
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Eldar Əzizov da subasma ilə əlaqədar verdiyi açıqlamada "Azərsu"nun fəaliyyəti ilə bağlı sərt ittihamlar səsləndirib. O, müstəqil qurum olan "Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilməməsi səbəbindən paytaxtın su altında qaldığını bildirib.
 
Maraqlıdır ki, "Azərsu" ASC-yə ayrılan 14,7 milyon manat vəsaitlə ötən 1 il ərzində hansı işlər həyata keçirib?
 
"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı dünən baş vermiş hadisəni yağıntı miqdarının normadan 2 dəfə artq düşməsi ilə əlaqələndirib:
 
""Azərsu" ASC-nin Neftçilər prospekti istiqamətində 3 təxliyə xətti var. Yəni, belə güclü yağışlarda biz ondan istifadə edərək, suyu dənizə axıdırıq. Onun biri Azadlıq prospektində, biri Səməd Vurğun, digəri isə Yusif Məmmədəliyev küçəsindədir. Azadlıqla Səməd Vurğundakını dərhal açmışıq, Yusif Məmmədəliyev küçəsindəki təxliyə xəttində isə çox qısa müddətli, təxminən 10-15 dəqiqəlik gecikmə olub. Bu da arxadan gələn suyun təzyiqi ilə əlaqədardır. Biz vaxtında bu təxliyə xətlərini açmaqla Neftçilər prospektini, Sahil metrosunu subasmadan xilas etmişik. Dünənki subasmanın isə yegəna səbəbi qısa müddətdə həddən artıq yağışın yağmasıdır. Təkcə Montinə 20-25 dəqiqə ərzində aylıq normanın 2 misli, yəni 37 millimetr yağıntı düşüb. Bunun "Azərsu"nun təxliyyə xətlərinin gec açılması ilə heç bir əlaqəsi yoxdur.
 
Qurum rəsmisi Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə 2017-ci ilin dövlət büdcəsindən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 14,7 milyon manat vəsaitin xərclənməsinə də aydınlıq gətirib. O, dövlət büdcəsindən ayrılan vəsaitlə 14 layihənin uğurla həyata keçirildiyini qeyd edib:
 
"Biri ən problemli Binəqədi şosesidir ki, həmişə suyun altında qalırdı. Oranı xilas elədik və son yağışlarda da orda heç bir fəsad yaranmayıb. Ümumilikdə 14 ünvanda işlər aparılıb və bunların hamısı da effekt verir".
 
Qeyd edək ki, ayrılmış vəsaitlə aşağıdakı layihələrin icrası nəzərdə tutulmuşdu:
 
1. Ziya Bünyadov prospekti boyu kollektorun tikintisi.
2. Nərimanov rayonu Əliyar Əliyev küçəsi boyu kollektorun tikintisi.
3. Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi.
4. Binəqədi şosesi boyu kollektorun tikintisi.
5. Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi boyu kollektorun tikintisi.
6. Sabunçu rayonu ərazisində kollektorun tikintisi.
7. Məhəmmədi gölündə su səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi.
8. Taşağıl və Böyükşor gölünün su səviyyəsinin saxlanılması və su keyfiyyətinin yaxşılaşdırılması üçün sistemlərin tikintisi.
9. Sabunçu rayonu "Şuşa” şəhərciyi ərazisində yağış suları kollektorunun tikintisi.
10.Ramana Südçülük Sovxozunun ərazisində yağış suları kollektorunun tikintisi.
11.Yasamal rayonu Əhməd Cəmil küçəsi boyu yağış suları kollektorunun tikintisi.
12.Xətai rayonu Yusif Səfərov küçəsi boyu yağış suları kollektorunun tikintisi.
13.Xətai rayonu Kazımağa Kərimov küçəsi boyu yağış suları kollektorunun tikintisi.
 
Karabakh Today

24.09.2018 12:29
Bölmə Cəmiyyət