• Azərbaycan Prezidenti: “Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”

“Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.

Karabakh  Today AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında deyib.

Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlət başçısı ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxunub, onların cəmiyyətin fəal üzvləri olduğunu deyib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar.

Dövlət başçısı şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu vurğulayıb və qeyd edib ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır.

Prezident İlham Əliyev Azərbaycanın son illərdə qazandığı uğurlardan və sosial-iqtisadi inkişafdan danışıb, ölkəmizin beynəlxalq nüfuzunun artdığını vurğulayıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hüquqi, siyasi və digər cəhətlərdən mövqelərimizin möhkəmləndiyini qeyd edib.

Çıxışının sonunda Prezident İlham Əliyev Azərbaycan gənclərinə inandığını və güvəndiyini bəyan edərək onlara uğurlar arzulayıb.

Karabakh Today

01.02.2019 15:33
Bölmə Cəmiyyət