• Tiflisdə etirazlar başlayır: Xocalı canisinə abidə olayı böyüyür

Soydaşlarımız aksiyaya sərt şüar-tələblərlə çıxacaqlar; Zəlimxan Məmmədli: “Burada da aksiyalar edə bilərik, ancaq...”

Gürcüstanın Axalkalaki şəhərində erməni terrorçu Mixail Avaqyana abidə ucaldılmasına qəzəblənən bu ölkədəki azərbaycanlılar kütləvi etiraz aksiyasına hazırlaşırlar. İlk etiraz aksiyası  sabah - fevralın 5-i saat 12-də Gürcüstan parlamentinin qarşısında olacaq. Aksiyanın keçirilməsi artıq razılaşdırılıb.

Aksiyaya azərbaycanlıların kütləvi şəkildə qoşulacağı bildirilir. O da bildirilir ki, erməni terrorçuya abidə ucaldılması azərbaycanlılara qarşı ciddi hörmətsizlikdir, mənəvi sarsıntıdır və Gürcüstandakı azərbaycanlılar abidənin oradan götürülməsini sərt şəkildə tələb edəcəklər. Aksiyada “Təxribatçılar, əlinizi Gürcüstan-Azərbaycan dostluğundan çəkin!”, “Separatçı Mixail Avaqyanın büstü götürülsün!”, “Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti deyil!”, “Separatçılığa və separatçılara YOX!”, “Gürcüstan-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir!” şüarlarının səsləndirilməsi nəzərdə tutulub.

Məlumat üçün qeyd edək ki, Axalkalaki rayonunun Buqaşeni kəndində “Kobra” ləqəbli Mixail Avaqyana büstün qoyulması Tiflislə Bakı arasında diplomatik gərginliyə, habelə Azərbaycan ictimaiyyətinin və KİV-lərinin kəskin reaksiyasına səbəb olub. Mixail Avaqyan həmin kənddə anadan olub, Ermənistanda yaşayıb və Qarabağ müharibəsi zamanı Qubadlı, Cəbrayıl, Füzuli rayonunun işğalında, habelə Xocalı qətliamında iştirak edib. 1994-cü ildə Horadiz döyüşləri zamanı öldürülüb.

Zəlimxan Məmmədli ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan  Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirdi ki, bu gün vətəndaş meydanda olmalı, icma sözünü deməlidir: “İcma onun milli heysiyatına toxunan məsələlərə biganə qalmalı deyil. Bu baxımdan Gürcüstanda olan proseslər önəmlidir. Orada bizim icma olaraq soydaşlarımızın davranışı, ortaya qoyduqları mövqe əhəmiyyət kəsb edir.  Ən ciddi məsələlərdən biri budur ki, icmalaşmanı əngəlləyən mexanizm var. Bəzi halda müxtəlif fikirlərin, yanaşmaların olmasını normal qəbul edə bilərik. Ancaq bu məsələdə Azərbaycanın milli mənafeyinə, Gürcüstan-Azərbaycan münasibətlərinə toxunulub. Cənubi Qafqazın birliyini, vəhdətini pozacaq, sülhü sarsıdacaq proses baş verib. Belə olan halda məsələ Gürcüstanın daxili işi olmaqdan çıxır. Çünki burada Azərbaycanın milli maraqları təhdid olunub, dünyaya hayqırdığımız məsələ qonşumuzda ayaq altına alınıb. Bu baxımdan da orada soydaşlarımızın aktivliyini, vahid mövqeyə gəlmələri lazımlıdır. Gürcüstanın dövlətçiliyinin təhdid edilməsi prosesinin qarşısının alınması, abidənin götürülməsi, ona rəvac verənlərin məsuliyyətə cəlbi, Gürcüstan-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığının yenidən bir masa ətrafında danışılması çox önəmlidir.  Hər halda iki tərəf aydınlaşdırmalıdır ki, biz dostuqsa dostluğumuzu bilək, bir-birimizin milli hədəflərimizə toxunmayaq. Bu məsələlərin bəlkə də gələcəkdə rəsmiləşməsinə ehtiyac var. Soydaşlarımızın ayın 5-nə Parlament binasının qarşısında planlaşdırılan aksiyasından məlumatlıyam. Orada bir neçə qurumlar, təşkilatlar cəmlənib. Bunu təqdir edirəm. Onlar vətəndaş olaraq öz hüquqlarından istifadə edirlər. Artıq aksiya üçün razılıq da alınıb. Aksiyanın keçirildiyi tarixdə parlamentin iclası da var. Gəncliyimiz də siyasiləşmədən kənar olaraq bu xətanın aradan qaldırılması tələbinin üzərində israrlı görünür. Ancaq ”biz də abidə qoyaq" deyib ucuz yol təklif edənlər də var. Bu, yanlışdır. Söhbət Azərbaycanın Xocalı kimi əsrin faciəsi dediyimiz soyqırımın Gürcüstanda təqdir olunmasından gedir. Bu, ciddi şəkildə regionda prosesləri pozacaq məsələdir".

Məmmədli xatırlatdı ki, bu məsələdə cəmiyyət olaraq mövqeləri birmənalıdır: “Biz bəyanat da vermişik, fikirlərimizi də bildirmişik. Oradakı hadisələrə biganə deyilik. Təbii ki, Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında da Borçalıya biganə qalmayan insanlarımızın iştirakı ilə aksiyanın keçirilməsi istisna deyil. Sadəcə, daha gözəl olar ki, qısa zamanda Gürcüstan hakimiyyəti baş verənlərə sağlam məntiqlə cavab verib həmin abidənin götürülməsi məsələsini həll etsin. Bununla da məsələ bitər. Hadisənin Azərbaycana gəlməsinin, burada da hansısa formada proseslərin getməsinin bir qədər də uğursuz tərəfini düşünürəm. Yəni iki dövlət arasında daha soyuqqanlı halda məsələnin həllinə getməliyik. Burada da aksiya edə bilərik, ancaq bundan düşmənlər necə istifadə edəcəklər? Bütün hallarda aksiya hüququ əlimizdədir. Biz Azərbaycanın milli maraqlarına toxunulan bir məsələdə sadəcə seyrici olmayacağıq”.

Ä°lgili resim

Məmmədli Gürcüstan hakimiyyətinin abidəni götürüb-götürməyəcəyi ilə bağlı proqnozunu da verdi: “Onlar bu abidəni götürməlidirlər. ”Elat" bayramına, 2014-cü ildən mənim oraya getməyimə yasaq qoyublar. Bu məsələdə Azərbaycanda icmanın təmərküzləşməsindən qorxan zehniyyətin də işi var. Hətta məndə olan məlumata görə, Azərbaycanın təhlükəsizlik orqanlarında çalışan və iflasa uğramış zehniyyətin də oradakı anti-Azərbaycan qüvvələri ilə iş birliyi də olub. Azərbaycan bu xataları artıq duyur. Əsas məsələ icmalaşmanı əngəlləməkdir. Borçalı türklərinin Gürcüstanın siyasi-ictimai həyatında aktiv iştirakını maksimum tormozlamaq istəyirlər. Bununla da gələcəkdə demokratik vəziyyətdən ehtiyatlanaraq, onların icmalaşmasını bütün vasitələrlə parçalamaq istəyirlər. Lakin bu, yanlışdır. Hesab edirəm ki, burada Gürcüstanın dövləti də təhdid olunur. Gürcüstanın içərisinə daxil olan erməni düşüncəsi, “Bütöv Ermənistan” ideyasına sadiq qalanlar, Gürcüstanın dövlətçiliyini təqib edirlər. Yaxşı ki, aydın gürcülər var və onlar bunu görürlər. İndiki Gürcüstan hakimiyyətinin davranışı anti-Azərbaycan, dərin qatda isə anti-türk ovqatındadır. Azərbaycanın siyasi sistemi, mediası bu həqiqəti görməlidir. Çox istərdim ki, ayın 5-də olan aksiya mediamız tərəfindən geniş işıqlandırılsın. Yalnız Saakaşvili dövründə milli azlıqlar üzərindən buxov götürülmüşdü.

Həmin addım hesab edirəm ki, Gürcüstanı daha da qüdrətləndirdi. Hesab edirəm ki, bütün icmalara, etnik azlıqlara açılan qapılar, Gürcüstanı bütövləşdirir. Eyni zamanda erməni konsepsiyasına görə, Gürcüstanın monoetnik planı da var. Orada aparıcı da erməni etnosudur. Bu qorxunu Gürcüstan hiss etməlidir. Başa düşüməlidirlər ki, bu cür davranışlarla öz dövlətlərini təhdid altına salırlar. Gürcüstan Azərbaycanla nə qədər sıx əməkdaşlıqda olacaqsa, soydaşlarımız ictimai-siyasi həyata sağlam inteqrasiya edəcəklərsə, o qədər məğlubedilməz Gürcüstan olacaq. Bu coğrafiyada Türkiyə, Gürcüstan və Azərbaycan vəhdəti gələcəkdə bütövlükdə bölgənin taleyini həll edən gücə çevrilə bilər. Ermənilərin abidəni götürməməsi təqdirdə ayrı-ayrı yerlərdə təşəbbüslərimiz olacaq. Bütün bunlar isə gərginliklər yaradacaq. Gürcüstan hakimiyyəti tərəddüd edəcəksə, ora girən qüvvə Azərbaycanın düşməni olacaq. Onlar Rusiya, Ermənistan, İrandır. Bunun da fərqində olmalıdırlar. Gürcüstanın siyasi partiyalarında da bu məsələnin müzakirəsi və bizim mövqeni dəstəkləyənlərin çoxluğu haqqında informasiyam var".

Karabakh Today

04.02.2019 13:07
Bölmə Cəmiyyət