• “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşdan keçdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı.

Layihə haqda Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verdi. 5 fəsil, 33 maddədən ibarət qanun layihəsi Azərbaycanda ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanun layihəsinin 12-ci (Ümumi təhsil müəssisəsi) maddəsində bildirilib ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək. Bildirilib ki, bəzi məktəblərdə məktəbli forması tətbiq olunsa da, ancaq bütün məktəbləri əhatə etməyib. Qanunun 13-cü (Ümumi təhsilin təşkili) maddəsinə əsasən, ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) təşkil edilir. Təmayül sinifləri şagirdlərinin sayı ən azı 15 nəfər olmaqla komplektləşdiriləcək. Hazırda isə bu rəqəm 20-dir. Qanun layihəsində o da bildirilib ki, tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.

Müzakirələrdən sonra layihə ikinci oxunuşda qəbul edildi.

Karabakh Today

19.02.2019 16:08
Bölmə Cəmiyyət