• Azərbaycan Respublika Gününü qeyd edir

Karabakh.Today xəbər verir ki, bu gün, mayın 28-də Azərbaycanda Respublika Günü qeyd olunur.

Yüzilliklər ərzində Azərbaycan Rusiyanın müstəmləkəsi olub. Bununla belə Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparıb.

Ötən XX əsr tarixə yalnız elmin, texnikanın inkişafı əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olması və milli dövlətlərin yaranması əsri kimi də daxil olub.

1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu və Rusiya İmperiyası dağıldı. Xalqların öz müqəddəratlarını özlərinin həll etməli olduları zaman yetişdi. Bu tarixii imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Məmmədəmin Rəsulzadənin rəhbərliyi altında Azərbaycan Xalq Cümhuriyyətini (AXC) elan etdilər.

Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ilk demokratik respublika idi. Bu, respublika parlamentli dövlət idi. Onun dövlət atributları – bayrağı, himni, gerbi qəbul edildi. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süquta uğradı.

Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan və postsovet məkanında birinci olaraq milli azadlıq hərəkatına qalxan Azərbaycan xalqı ötən əsrin 80-cı illərinin sonunda öz azadlığı və müstəqilliyinə nail oldu. SSRİ-nin dağılmasından sonra Azərbaycan Respublikası özünü AXC-nin varisi elan elədi və ölkənin müstəqilliyi bərpa olundu.

Respublika Günü 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur və qeyri-iş günü elan edilmişdir.

 

 

28.05.2020 12:31
Bölmə Cəmiyyət


Mənbə Karabakh.Today