• Soydaşlarımıza

2020-ci il tarixə qovuşur. Deyək ki, çox qeyri-adi oldu bu il. O, bütün Yer üzünü görünməmiş bəlaya düçar elədi. Bəşəriyyət bu gözəgörünməz bəla qarşısında aciz qalmışdır. Milyonlarla insan koronavirus adlı həmin bəlanın qurbanı oldu. Həmvətənlərimiz də bu məşum bəladan kənarda qala bilmədi – 2600-dən çox həmvətənimiz bu bəlanın qurbanına çevrilmişdir. Allah onun qurbanlarının hamısına rəhmət eləsin və tezliklə bu bəlanı bəşəriyyətin üstündən götürsün!

2020-ci il bizim üçün, Azərbaycanımız üçün həm də möhtəşəm qələbə ili kimi tarixə yazıldı. Bu il rəşadətli ordumuz 30 il ərzində beynəlxalq aləmin həllində aciz qaldığı bir müşkülümüzü aradan götürdü – cəmi 44 gün ərzində təcavüzkar torpaqlarımızı Ermənistanın işğalından azad elədi. Bu möhtəşəm qələbə analoqsuzdur! Bu qələbə bizi növbəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və yeni 2021-ci ili üzüağ, alnı açıq qarşılamağa zəmin yaratdı. Allah torpaqlarımız uğrunda şəhid olmuş qəhrəmanlarımıza rəhmət eləsin, qazilərimizə can sağlığı versin!

"REAKSİYA MEDİA GROUP" MMC kollektivi bütün soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2021-ci il münasibəti ilə təbrik edir! Allah cansağlıqlı ömür versin, bol ruzi-bərəkət yetirsin! Vətənimizin uğurları bol olsun!

 

 

31.12.2020 10:52
Bölmə Cəmiyyət


Mənbə Karabakh.Today